Təsviri sənət və memarlıqla bağlı qabiliyyət imtahanı proqramları təsdiqlənib

Təsviri sənət və memarlıqla bağlı qabiliyyət imtahanı proqramları təsdiqlənib
# 22 aprel 2022 11:29 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzində təsviri sənət və memarlıq istiqamətləri üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarını müzakirə etmək məqsədilə bir sıra ali təhsil müəssisələrinin rəhbər şəxsləri ilə görüş keçirilib.

DİM-dən APA-ya verilən xəbərə görə, görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris və tərbiyə işləri üzrə prorektoru Azad Zeynalov, Elm və yaradıcılıq işləri üzrə prorektoru Fuad Salayev, Qrafika kafedrasının müdiri Rəsul Hüseynli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, ali təhsil müəssisələrinin ekspertləri və DİM-in İmtahanların təşkili və idarəedilməsi departamentinin müdiri Azər Bağırov iştirak edib.

İclasın əsas məqsədi bu il təsviri sənət istiqaməti üzrə keçiriləcək xüsusi qabiliyyət imtahanlarını müzakirə etmək olub.

Görüş iştirakçıları xüsusi qabiliyyət imtahanları ilə bağlı fikir mübadiləsi aparıb. İclasın yekununda cari ildə təsviri sənət və memarlıq istiqamətlərinə aid komissiyalarda imtahan fənləri və qabiliyyət imtahanı proqramları təsdiq olunub.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, qabiliyyət imtahanları üzrə qəbul proqramları yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalında dərc olunacaq. İştirakçılar görüşdən sonra DİM-də yaradılan və ölkəmizin milli qiymətləndirmə üzrə tarixini əks etdirən muzeylə də tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR