Tikinti zamanı hansı ağacların köçürülməsinin mümkün olmadığı açıqlanıb - FOTO

Tikinti zamanı hansı ağacların köçürülməsinin mümkün olmadığı açıqlanıb - FOTO
# 20 may 2022 15:44 (UTC +04:00)

“Dövlət Ekspertiza Agentliyinə təqdim edilən 9 tikinti layihəsi bugün ictimai müzakirəyə çıxarılıb".

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin rəisi Mirsalam Qəmbərov bu gün keçirilən dinləmədə deyib.

O bildirib ki, bu layihələrin həyata keçiriləcəyi yerlərdə hazırda mövcud olan köhnə, istismar müddətini başa vurmuş binalar var:

“Bizim məqsədimiz Bakı şəhərində mövcud olan yaşıllıqları qoruyub saxlamaqdır. Dinləmədə qeyd edilib ki, tikinti işləri zamanı diametri 20 sm-dən yuxarı olan ağacların köçürülməsi mümkün deyil. Köçürülsə belə o ağac aparıldığı yerdə yaşaya bilməyəcək”.

Dinləmədə deyilib ki, müvafiq tikinti şirkətlərinin inşa etmək istədiyi çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binaları Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı ilə təsdiqlədiyi köhnə, təhlükəli və qəzalı vəziyyətdə olan binaların yerləşdiyi ərazilərdir:

"Tikinti şirkətlərinin nümayəndələrinə bildirilib ki, binaları ucaldarkən əsas məqsədin yaşıllıqların qorunub saxlanılması və gələcəkdə orada yaşıllıq sahələrinin olmasına şərait yaratmaqdır".

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə əlavə edib ki, hər ağacın köçürülməsi mümkün deyil:

"Bunun üçün mütləq şəkildə müvafiq göstəriciləri olmalıdır. Bəzi tikinti şirkətləri köçürmə adı altında ağacı çıxarır və əmin olun ki, həmin ağac məhv olur".

İctimai dinləmədə iştirak edən tikinti şirkətlərindən birinin nümayəndəsi vurğulayıb ki, onların bina tikmək istədikləri ərazidə mövcud olan 60-70 ağac götürülərək gələcəkdə onun əvəzində 200 ağacın əkilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR