Tovuzda Novruz bayramı keçirilib

Tovuzda Novruz bayramı keçirilib
# 20 mart 2023 10:00 (UTC +04:00)

Ölkəmizin hər yerində olduğu kimi, Tovuz şəhərində də xalqımızın milli bayramı olan Novruz böyük coşqu ilə qeyd edilib. Heydər Əliyev meydanında ümumrayon şənliyi təşkil olunub.

APA-nın xəbərinə görə, Novruzun atributları ilə bəzənən meydana Bahar qız, kosa ve keçəl faytonlarla daxil olub, şənlik iştirakçılarını salamlayıblar.

Sonra meydanın mərkəzində quraşdırılan rəmzi tonqal qalanıb. İdmançıların ifasında tamaşalar nümayiş etdirilib, milli oyunlar, Novruz adət -ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət "Novruz sərgisi" iştirakçılara təqdim olunub.

Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri meydanda sərgilənən Novruz adət-ənənələri ilə tanış olub, şəhid ailələri, qazilər və sakinləri bayram münasibətilə təbrik ediblər.

Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək, tovuzluları və qonaqları bayram münasibətilə təbrik edib, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümumilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusilə vurğulayıb.

Qeyd edilib ki, Azərbaycanı qədim sivlizasiyanın mərkəzi kimi tanıdan misilsiz dəyərlərdən biri də müqəddəs Novruz bayramıdır. Elə buna görə də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun Qeyri Maddi Mədəni İrs Syahısına daxil edilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə bu günlər ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar həyata keçirilir.
2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunu qazandığı böyük zəfərdən sonra milli bayramımız Novruz həm də qələbə ruhuna köklənib. Bu gün Qarabağda qalanan tonqallar qalib xalq kimi bizi qürurlandırır, sevincimizi daha da artırır.

Tovuzda Novruz ümumrayon şənliyi bədii hissə ilə axşama qədər davam edib. Rayon sakinləri bayram təamları dadaraq, təqdim olunan tamaşalara baxıb, Novruz, bahar üzərinə köklənən ifaları dinləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR