Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin üzvləri Gəncəyə səfər edib

Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin üzvləri Gəncəyə səfər edib
# 23 may 2022 17:23 (UTC +04:00)

Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin baş direktorunun müavini Üzeyir İlbakın başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfər edib. Qonaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər.

İH-dən APA-ya verilən məlumata görə, Niyazi Bayramov qonaqları salamlayaraq, onlara ulu Nizami yurdu barədə ətraflı məlumat verib. O bildirib ki, Gəncə tarixən elm və mədəniyyət mərkəzi hesab edilib. Şəhər tarixi məkanları, muzeyləri və parkları ilə daim buraya gələn qonaqlarda xoş təəssürat yaradır. Azərbaycanla Türkiyə arasında mövcud olan tarixi dostluq və qardaşlıq əlaqələrindən danışan şəhər rəhbəri qurulan əməkdaşlıqların mədəni sahədə də inkişaf etdiyini qeyd edib.

Türkiyə Dil və Ədəbiyyat Dərnəyinin baş direktorunun müavini Üzeyir İlbak səmimi görüşə görə Niyazi Bayramova təşəkkürünü bildirib. O qeyd edib ki, Türkiyə Dil və Ədəbiyyat Dərnəyi, o cümlədən Dərnəyin Ərzurum şöbəsi Azərbaycan, xüsusilə də Gəncə şəhəri ilə müəyyən əlaqələr qurub. Belə ki, 2018-ci ildə Ərzurumun azad edilməsinin və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümləri ilə əlaqədar olaraq bir sıra tədbirlər təşkil edib. Bu tədbirlərdə Gəncə şəhərinin də mədəniyyət nümayəndələri iştirak ediblər. Bununla yanaşı, ötən il Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Gəncə Dövlət Universiteti ilə birlikdə “Nizami Gəncəvi və Yunus Emre” adlı onlayn elmi-praktik konfrans keçirib. Üzeyir İlbak qeyd edib ki, səfərin məqsədi Ərzurum və Gəncə ilə mədəni əlaqələrin genişləndirilməsidir.

Qeyd edək ki, qonaqlar gün ərzində Gəncə şəhərinin bir sıra gəzməli-görməli yerlərinə baş çəkərək, şəhərin tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR