Türkiyə Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Ağdama səfər edib

Türkiyə Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Ağdama səfər edib
# 28 dekabr 2022 19:49 (UTC +04:00)

Xəbər verildiyi kimi, Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdədir. Dekabrın 28-si nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qonaqlar ilk öncə Ağdamda Birinci Qarabağ müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edib, qazilərimizə şəfa diləyib.

Bundan başqa nümayəndə heyəti Qarabağ xanı Pənahəli xanın sarayı və ailə üzvlərinin məzarının yerləşdiyi İmarət kompleksində olmuş, Cümə Məscidini ziyarət etmişlər.

Daha sonra nümayəndə heyəti yol boyu Ermənistan dövlətinin viran qoyduğu məkanlar, yaşayış məntəqələri, tarixi-mədəni abidələrin şahidi olmuşlar.

Nümayəndə heyəti həmçinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin fəaliyyəti, şəhərin baş planı və beynəlxalq konfrans zalı ilə tanış olmuş, Şahbulaq qalasını ziyarət etmişlər.

Qonaqlar qısa zamanda görülmüş genişmiqyaslı işlərin onlarda böyük təəssürat yaratdığını, Vətən müharibəsində Türkiyənin ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin məntiqi davamı olaraq quruculuq işlərində də qardaş ölkənin yaxından iştirakının önəmini vurğulamışlar.

Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR