Umayra Tağıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiyaya səfər edib - FOTO

Umayra Tağıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Finlandiyaya səfər edib - FOTO
# 26 mart 2023 11:46 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti 22-24 mart tarixlərində Finlandiyaya səfər edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, meteorologiya və ətraf mühit sahəsində əməkdaşlığın genişləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə imkanlarının müzakirəsi məqsədilə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın başçılıq etdiyi nümayəndə heyətinin Finlandiyaya səfəri başa çatıb.

Milli Hidrometeorologiya Xidmətinin bir qrup əməkdaşından ibarət nümayəndə heyəti Finlandiya Meteorologiya İnstitutunda (FMİ) təşkil edilən görüş və silsilə seminarlarda iştirak edib.

FMİ-nin direktoru Jussi Kaurola ilə keçirilən görüşdə, tərəflər arasında yaranmış işgüzar əlaqələrin, hidrometeoroloji xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müasir tələblərə cavab verən erkən xəbərdarlıq sisteminin qurulmasında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Finlandiya Ətraf Mühit nazirinin müavini, dövlət katibi xanım Terhi Lehtonen Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüş zamanı iki ölkə arasında yaranmış əməkdaşlıq əlaqələrinin müsbət dinamikası qeyd olunub, Azərbaycanda iqlim dəyişmələri sahəsində aparılan mütərəqqi siyasət, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazilərində netto-sıfır emissiya zonasının yaradılması istiqamətində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Finlandiyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Finlandiya Ətraf Mühit İnstitutunda keçirdiyi görüşdə ölkəmizdə su təsərrüfatının effektiv idarəçiliyi, habelə su ehtiyatlarının mühafizəsi üzrə institutda hazırlanmış modelləşdirmə, proqnozlaşdırma və digər rəqəmsal texnologiyalardan istifadə imkanları müzakirə edilib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsinin hazırlanması təklif olunub.

Səfərin yekununda Azərbaycanın nümayəndə heyətinin üzvləri təşkil edilmiş görüşlər və seminarlarda fəal iştirakına görə müvafiq sertifikatlarla təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR