UNEC və ADPU tələbələrlə blogerlərin görüşünə münasibət bildirib

UNEC və ADPU tələbələrlə blogerlərin görüşünə münasibət bildirib
# 09 dekabr 2022 13:05 (UTC +04:00)

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrlə blogerlərin görüşünə dair video yayılıb. Video bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

Məsələ ilə bağlı UNEC-in mətbuat xidmətinin rəhbəri Elnarə Məmmədova APA-ya açıqlamasında bildirib ki, Universitetdə Nobel mükafatçıları, dünyanın və ölkənin tanınmış elm və ictimaiyyət xadimləri ilə, o cümlədən yazıçılarla, qazilərlə, şəhid ailələri ilə mütəmadi olaraq görüşlər keçirilir:

“Ötən həftə universitetdə tələbələr Baba Vəziroğlu ilə görüşdü. Qeyd edim ki, universitetdə müxtəlif istiqamətlər üzrə 11 tələbə təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatlar tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncəli tədbirlər, idman yarışları, intellektual müsabiqələr təşkil edirlər, tələbələri konsertlərə, tamaşalara aparırlar. O cümlədən də tələbələrin istəklərini nəzərə alıb, sorğu əsasında tanınmış bloger və tiktokerlərlə görüşlər keçirirlər. Həmin görüşlərdə tələbələr könüllü olaraq iştirak edirlər.

Bu tip görüşlər ölkənin demək olar ki, bütün ali təhsil müəssisələrində keçirilir”.

ADPU-nun mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov isə APA-ya açıqlamasında qeyd edib ki, hazırda universitetdə 7 tələbə təşkilatı, 10-dan çox tələbə klubu var:

“Universitet olaraq tələbələrin istədikləri qonaqları dəvət edib, görüşlər keçirilməsinə qarşı çıxılmır. Tələbələrlə müxtəlif vaxtlarda müxtəlif mövzularda görüşlər keçirilir. Məşhur yazıçılar, aktyorlar, elm xadimləri, təlimçilər və digər şəxslərlə bu tip görüşlər keçirilir. Tələbələr asudə vaxtlarını müxtəlif tədbirlərdə keçirirlər. Bu tədbirlər və görüşlər həm maarifləndirici, həm də əyləncə xarakteri daşıya bilər. Yazıçı, tarixçi, aktyor, qazilər, şəhid ailələri, tanınmış alimlər və s. kimi şəxslərlə də görüşlər keçirilir. Bütün bu tədbir və görüşlərlə bağlı universitetin rəsmi saytında və sosial media hesablarında tanış olmaq mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR