ÜST 75 illik yubileyini qeyd edir - FOTO

ÜST 75 illik yubileyini qeyd edir  - FOTO
# 31 may 2023 19:58 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi ÜST-nin 75 illiyinə həsr olunmuş tədbir təşkil edib.

APA xəbər verir ki, yubileyi ÜST-nin əməkdaşları yerli səhiyyə tərəfdaşları, diplomatik missiya üzvləri və BMT agentliklərinin nümayəndələri ilə birlikdə qeyd edib.

Qeyd edək ki, 7 aprel 1948-ci ildə yaradılan Ümumdünya Səhiyyə Təşkilatı bütün dünyada sağlamlığın təşviqi, xəstəliklərin qarşısının alınması və səhiyyə xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması üzrə öhdəlik götürmüş aparıcı beynəlxalq təşkilatdır. 75 il ərzində Ümumdünya Səhiyyə Təşkilatı insanların həyatını xilas etmək, səhiyyə sistemini gücləndirmək və ictimai sağlamlıq problemlərinin həllində sarsılmaz fədakarlıq nümayiş etdirməklə qlobal sağlamlığa mühüm töhfələr verib.

Tədbir ÜST-nin mühüm nailiyyətlərini qeyd etmək, əməkdaşlığı vurğulamaq və gələcək səylər üçün fəaliyyətləri müəyyən etmək üçün imkan yaradıb.

Açılış nitqi ilə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı bütün iştirakçıları salamlayıb və ÜST-nin Azərbaycandakı fəaliyyətindən bəhs edib:

“Ümumdünya Səhiyyə Təşkilatı 75 ildir ki, bərabərhüquqlu sağlamlığın müdafiə edilməsində, səhiyyə siyasətinin formalaşdırılması və ictimai səhiyyə problemlərinə cavab verilməsində ön sıralardadır. Azərbaycanda ÜST-nin Ölkə Ofisi yerli səhiyyə gündəliyinin formalaşdırılmasında, hökumətin səylərini dəstəkləməkdə və qarşılaşdığımız səhiyyə problemlərini həll etmək üçün əsas tərəflərlə əməkdaşlıqda mühüm rol oynayıb və hazırda da bu missiyasına davam edir.

Birgə təşəbbüslər, insan kapitalının gücləndirilməsi proqramları və faktlara əsaslanan müdaxilələr vasitəsilə ÜST-nin Ölkə Ofisi səhiyyə sisteminin gücləndirilməsində və sağlamlıqla bağlı fövqəladə hallara hazırlıq və cavab tədbirlərinin artırılmasında mühüm rol oynayıb. Bu gün biz ÜST-nin 75 il ərzində verdiyi töhfələri qeyd etmək üçün toplaşarkən təkcə nailiyyətlərimizi vurğulamırıq, həm də hər kəs üçün sağlamlığa nail olmaq üzrə ümumi baxışımıza olan öhdəliyimizi bir daha təsdiq edirik”.

Tədbirdə ÜST-nin tarixi və fəaliyyəti haqqında məlumatlılığı artırmaq üçün maarifləndirici viktorina və zəruri bacarıq olan və həyatlar xilas edən ürək masajını öyrətmək üçün təlim təşkil olunub. Tədbir musiqili-bədii kompozisiya ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR