ÜST və USAID Azərbaycanda yeni layihəyə start verib - FOTO

ÜST və USAID Azərbaycanda yeni layihəyə start verib  - FOTO
# 20 iyun 2022 15:30 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ölkədə təcili tibbi yardımın və infeksiyanın qarşısının alınması və nəzarət sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş yeni layihəyə start verib.

APA xəbər verir ki, USAID tərəfindən maliyyələşdirilən 3,35 milyon dollar dəyərində olan layihə ÜST-nin vasitəsilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Tibb Universitetinə dəstək göstərəcək.

Sözügedən layihə çərçivəsində hər iki sistem üçün idarəetmə strukturları, milli strategiyalar, standartlar və prosedurlar dəstəklənəcək, Azərbaycan Tibb Universitetində, tibb kolleclərində və digər təhsil müəssisələrində müvafiq təhsil proqramları yaradılacaq.

Həmçinin yerli təlim və sertifikatlaşdırma proqramları vasitəsilə hər iki sahədə mövcud və potensial işçi qüvvəsinin bilikləri təkmilləşdiriləcək, Sumqayıtda təlim və simulyasiya mərkəzinin əsası qoyulacaq, milli infeksiyanın qarşısının alınması və nəzarət komitəsi, o cümlədən xəstəxanadaxili infeksiyalar və mikrob əleyhinə davamlılıq üzrə ən yaxşı təcrübələri özündə birləşdirən milli istinad laboratoriyası yaradılacaq.

“COVID-19-un bizə öyrətdiyi əsas dərs odur ki, tibb işçilərini, xəstələri və daha geniş ictimaiyyəti yoluxucu xəstəliklərdən qorumaq istəyiriksə, infeksiyanın qarşısının alınması və nəzarətə bütün səviyyələrdə səhiyyə sistemlərinin tərkib hissəsi kimi yanaşmalıyıq. Mövcud pandemiya kimi fövqəladə hallarda cəmiyyətin artan ehtiyaclarına cavab verə bilmək üçün daha təkmil təcili tibbi yardıma və yaxşı təlim keçmiş işçilərə ehtiyacımız var. İnanırıq ki, bu layihə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi ilə bağlı səylərimizdə bizə daha böyük təkan verəcək”, - ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR