Valideyn himayəsindən məhrum olan uşaqlara dair yeni prosedur müəyyənləşir

Valideyn himayəsindən məhrum olan uşaqlara dair yeni prosedur müəyyənləşir
# 02 may 2023 13:25 (UTC +04:00)

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) valideyn himayəsindən məhrum olan uşaqlar barədə məlumatı aldıqdan sonra 3 iş günü müddətində uşağın və onun ailəsinin həyat şəraitini, valideyn himayəsindən məhrum olma səbəblərini müəyyən etmək məqsədilə ilkin qiymətləndirilməni həyata keçirəcək.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ilkin qiymətləndirmə nəticələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı qərarlardan birini qəbul edir:

- uşağın ailəsinin olmamasını və ya ailədə qalmasının qeyri-mümkünlüyünü müəyyən etdikdə, onun yerləşdirilməsi barədə;

- uşağın öz ailəsinə və ya qohumlarına qaytarılmasının və yaxud ailəsində qalmasının mümkünlüyünü müəyyən etdikdə, 14 (on dörd) iş günü müddətində əlavə qiymətləndirmənin aparılması və ailə inkişaf planının tərtibi barədə.

Ailə inkişaf planında uşağın valideyn himayəsindən məhrum olmasının səbəbləri, onların əhəmiyyətlilik dərəcəsi üzrə bölgüsü, bu səbəblərin aradan qaldırılması üsulları, ailə üçün zəruri hüquqi, sosial, tibbi, tibbi-psixoloji və məişət dəstək tədbirləri qeyd edilir.

Ailə inkişaf planının tərtibi və icrası müddətində uşağın öz ailəsində qalması onun həyatı və təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmədikdə və ya uşağın valideynləri ailə inkişaf planında nəzərdə tutulan tədbirlərin icrasından imtina etdikdə və yaxud uşağı tərbiyə etməkdən boyun qaçırdıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ailə inkişaf planının icrasının dayandırılması və uşağın Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilməsi barədə qərar qəbul edə bilər.

Uşağın valideynləri olmadıqda və ya valideynlərinə qaytarılması mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilk növbədə onun qəyyumluğa (himayəyə) verilməsi imkanlarının araşdırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal sorğu göndərir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qeyd olunan sorğu daxil olduqdan sonra 10 (on) iş günü müddətində araşdırma apararaq, uşağın qəyyumluğa (himayəyə) verilməsinin mümkün olub-olmaması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uşağın qəyyumluğa (himayəyə) verilməsinin mümkün olmadığı barədə məlumatı aldıqdan sonra 10 (on) iş günü müddətində uşağın himayədar ailəyə və ya övladlığa verilməsi, bu mümkün olmadıqda isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilməsi barədə qərar qəbul edir.

Bu Məcəllədə qeyd olunan uşaq aşkar olunan zaman onun sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda və təcili yerləşdirilməsi zərurəti yarandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Məcəlləyə uyğun olaraq ilkin qiymətləndirməni aparmadan uşağın təcili yerləşdirilməsi ilə bağlı qərar qəbul edir. Uşaq yerləşdirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uşaqla bağlı ilkin qiymətləndirməni aparır.

Uşağın yerləşdirilməsi zamanı onun fikirləri, maraqları, etnik mənşəyi, müəyyən dinə və mədəniyyətə mənsubiyyəti, ana dili, təhsili və tərbiyəsi üçün daha əlverişli imkanları və yerləşdirmənin uşaq üçün təhlükəsizliyi nəzərə alınmalıdır.

Valideyn himayəsindən məhrum olmuş uşaqlar yerləşdirilənədək onlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR