Vüqar Rəhimzadə: “İrəvanın tarixən azərbaycanlıların yaşadığı Təpəbaşı məhəlləsi Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir”

Vüqar Rəhimzadə

© APA | Vüqar Rəhimzadə

# 07 iyul 2022 17:42 (UTC +04:00)

“Tarix faktlara əsaslanır və əsla saxtakarlığı sevmir. Bu həqiqəti Azərbaycan dövləti ən yüksək tribunalardan Ermənistana və ona zaman-zaman havadarlıq edib azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti həyata keçirməsinə dəstək olan dövlətlərə çatdırıb”.

APA xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə diqqəti Azərbaycanın elm və ictimai xadimlərinin iyulun 6-da Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının mədəni irsinə qarşı həyata keçirilən soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə ünvanladıqları müraciətə yönəldib: “Sənəddə də qeyd olunduğu kimi, UNESCO bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır. Bu, UNESCO tərəfindən qəbul edilmiş müxtəlif konvensiyalarda öz əksini tapıb. Hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır. Dünya ictimaiyyəti isə bundan xəbərsizdir. Bəs nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi-mədəniyyət nümunələri yoxdur? Çünki bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğuna görə ermənilər tərəfindən məhv edilib və günümüzə qədər gəlib çatmayıb. Müraciətdə bir daha bu həqiqət qurumun diqqətinə çatdırılır ki, İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir. Təpəbaşı İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Tarixən azərbaycanlıların yaşadığı Təpəbaşı məhəlləsi Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir”.

Vüqar Rəhimzadə diqqəti xüsusi olaraq bu məqama yönəldib ki, müstəqilliyimizin yenidən bərpasından, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra tarixi həqiqətlər işıq üzü görməyə, Azərbaycanın haqq səsi dünyaya yayılmağa başlayıb: “Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ilk görüşünün ziyalılarla olması da təsadüfi deyildi. Ulu öndər Heydər Əliyev tarixçilərimizin qarşısında tarixin saxtalaşdırılmasına yol verilməməsini əsas tələb kimi qoydu. Son 18 ildən artıq dövrdə bu siyasəti bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev tariximizin qorunmasına, indiki və gələcək nəsillərə çatdırılmasına, ən əsası beynəlxalq ictimaiyyətin qədim tariximizlə bağlı daha dolğun məlumatlar əldə etməsinə geniş imkanlar yaratmaq üçün biri-birindən mühüm addımlar atır. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi özündə bu kimi məqamları tam şəkildə ehtiva edir”.

O vurğulayıb ki, tarixi həqiqətlər ermənilərin əsl simasını ortaya qoyur: “44 günlük İkinci Qarabağ müharibəsi ermənilərə və onlara havadarlıq edən dövlətlərə dərs olmalıdır. Dövlət başçısı İlham Əliyevin çıxışlarında yer alan bu hədəfimizi də yada salmaq istərdik: “Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Ermənilər azərbaycanlılara qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirməklə yanaşı, Azərbaycan xalqına məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənlərini dağıdaraq viran qoyublar. Bunlar bizim mədəni sərvətimiz, milli kimliyimizin təqdimatlarıdır. Ermənilərin bu yolu seçmələri hər kəsə məlumdur. Tarixi saxtalaşdırmaqla özlərinə tarix yazan ermənilər milli sərvətimiz olan tarixi və dini abidələri məhv etməklə onların Azərbaycana məxsusluğunu gizlətməyə çalışır. Araşdırmalar nəticəsində erməni vəhşiliklərinə işıq salan çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Tarixin yaddaşına söykənərək bütün reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün səylərimizi birləşdirməliyik”.

Vüqar Rəhimzadə əlavə edib ki, elm və ictimai xadimlərin UNESCO-nun Baş direktoruna ünvanladıqları müraciətdə yer alan həqiqətlər ümumilikdə dünyaya çağırışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR