Xaçmazda gənc xilasedici və yanğınsöndürən yarışları keçirilib - FOTO - VİDEO

Xaçmazda “Gənc xilasedici və yanğınsöndürən" yarışları

© APA | Xaçmazda “Gənc xilasedici və yanğınsöndürən" yarışları

# 06 may 2022 11:54 (UTC +04:00)

Bu gün Xaçmazda “Gənc xilasedici və yanğınsöndürən" yarışlarının zona yarışları keçirilib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin əhatə etdiyi rayonların (Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən) təhsil müəssisələri arasında keçirilən birincilikdən öncə təşkilatçılar və yarış iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Tədbirin açılış mərasimində FHN-nin Şimal Regional Mərkəzinin rəisi Şahin Mirzəyev çıxış edərək “Gənc xilasedici və yanğınsöndürən" yarışlarının əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından danışıb.
Çıxışlarda gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğinin, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyindən bəhs olunub.
Yarış “kombinə edilmiş yanğın estafeti”, “maneələr zolağı”, “komandaların təqdimatı” və “gənc ekspertlər müsabiqəsi” adlı dörd mərhələdən ibarət olub.
Yarışların yekunlarına əsasən, Quba məktəbliləri I yeri, Siyəzən komandası II yeri, Xaçmaz komandası isə III yeri tutub. Yarışda fərqlənmiş komandalar diplom, kubok və qiymətli hədiyyələrlə təltif olunublar.
Birinci yeri tutan komanda “Gənc xilasedici və yanğınsöndürən" yarışlarının növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR