Xaricdə təhsil üçün müsahibəyə start verilir

Xaricdə təhsil üçün müsahibəyə start verilir
# 28 iyun 2022 10:02 (UTC +04:00)

İyunun 28-dən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə müsahibələrin keçirilməsinə start verilir.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müsahibə mərhələsi Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə uyğun olaraq, namizədlər haqqında yekun qərar verilir.

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərdə təhsil almaq üçün müvafiq Seçim Qaydalarının tələblərinə uyğun olaraq sənədləri uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər aidiyyəti üzrə növbəti mərhələ olan müsahibə mərhələsinə keçid əldə edirlər.

Qeyd edək ki, Proqram çərçivəsində sənəd qəbulu 6 iyun 2022-ci il tarixində açıq elan edilmişdi.


Sənəd qəbulu hazırda davam edir və son müraciət tarixi 15 iyul 2022-ci il saat 23:59 müəyyən edilib.

Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR