Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyi keçirilib - FOTO

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyi keçirilib - FOTO
# 28 sentyabr 2022 14:49 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə Xidmətin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman bazasında yanğın-xilasetmə idman növü üzrə respublika birinciliyinin final mərhələsini keçirib.

FHN-dən APA-ya verilən xəbərə görə, birincilik FHN-in DYMX-nin şəxsi heyətinin peşə və fiziki hazırlıq səviyyəsinin daha da yüksəldilməsi, eləcə də yanğın-xilasetmə idmanının populyarlaşdırılması və gənclər arasında təbliği məqsədilə təşkil edilib.

Yanğınsöndürən və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası tərəfindən təsdiq olunan “Yanğın-xilasetmə idmanının Qaydaları”na uyğun olaraq keçirilən Respublika birinciliyində ümumilikdə 120 nəfərdən ibarət 12 komanda iştirak edib.

Komandalar yanğınların söndürülməsində tətbiq edilən müxtəlif döyüş hərəkətləri kompleksindən ibarət olmaqla hücum nərdivanı ilə təlim qülləsinin dördüncü mərtəbəsinə qalxma, 100 metrlik maneəli zolağı dəf etmə və döyüş açılışını yerinə yetirmə üzrə qüvvələrini sınayıblar.

Komanda yarışında hər üç növ üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin (YMİ) komandası ən yaxşı nəticə göstərərək birinci yerə layiq görülüb.

Hücum nərdivanı ilə təlim qülləsinin dördüncü mərtəbəsinə qalxma yarışında Səbail rayon Yanğından Mühafizə Hissəsinin (YMH) komandası ikinci, Nəsimi rayon YMH-nin komandası isə üçüncü yeri tutub.

100 metrlik maneəli zolağın dəf edilməsi növü üzrə komanda yarışında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə YMİ-nin ikinci komandası ikinci, Sumqayıt şəhər YMİ-nin komandası isə üçüncü yerə layiq görülüb.

Döyüş açılışı növü üzrə komanda yarışında isə Səbail rayon YMH-nin komandası ikinci, Sumqayıt şəhər YMİ-nin komandası isə üçüncü yerə layiq görülüb.

Birinciliyin qalibləri Dövlət Yanğından Mühafizə Xidməti və FHN-nin işçilərinin Həmkarlar İttifaqı tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Mükafatlandırma mərasimində FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və DYMX-nin rəis müavini polkovnik Rza Xudiyev iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR