YAP-da Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib - FOTO - VİDEO

YAP-da Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib - FOTO  - VİDEO
# 28 aprel 2022 13:49 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Zərifə Əliyevanın anadan olması 99-cu ildönümünə həsr olunan "Nurlu ömrün işığı" adlı konfrans keçirilib.

APA xəbər verir ki, tədbirdə səhiyyə naziri Teymur Musayev, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları və digər şəxslər iştirak edib.

Tədbirin əvvəlində görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın, torpaqlarımızın müdafiəsində və azad edilməsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini-Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov bildirib ki, Zərifə Əliyevanın şərəfli ömür yolu gələcək nəsillər üçün nümunədir: “O gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm nümunə yaradıb. Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi də Zərifə Əliyevanın adı ilə bağlıdır. O, həmçinin Azərbaycanda oftalmologiyanın inkişafına töhfələr verib. Bununla yanaşı, Zərifə xanım Əliyevanın ictimai fəaliyyəti də cəmiyyətimiz üçün faydalı olub. O, vətən üçün, Azərbaycan naminə misilsiz işlər görüb. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alan Prezident İlham Əliyev Azərbaycana tarixi nailiyyətlər qazandırıb. Bir sözlə, Prezident İlham Əliyev tarix yazıb və adını tarixə həkk etdirib”.

Səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Zərifə Əliyeva ilə ünsiyyətdə olanlar onu bir daha unuda bilmirdilər, o, bu cür şəxsiyyət idi: “Zərifə xanım üçün xeyirxahlıq hər zaman həyat tərzi olub. Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirən Zərifə xanım bütün situasiyalarda Ulu öndərə dəstək olub. İlk dəfə olaraq Azərbaycanda Zərifə Əliyevanın sayəsində göz orqanının peşə xəstəlikləri öyrənilib”.

Nazir qeyd edib ki, dövlət başçısının həkim ailəsində böyüməsi bu gün onun fəaliyyətində səhiyyə sahəsinə xüsusi diqqət yetirməsində, əhalinin sağlamlığı üçün daim addımlar atmasında özünü göstərir: “Ölkəmizdə hazırda səhiyyə sahəsində əldə olunan nailiyyətlərdə onun böyük zəhməti var. İnsanlara nur bəxş etmək funksiyası olan Zərifə Əliyevanın işıqlı obrazı heç vaxt xatirələrdən silinməyəcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Akademik Zərifə Əliyeva - xeyirxahlıq və humanizm mücəssəməsi” mövzusunda nitq söyləyib: “Mən düşünürəm ki, o, bizim insan kapitalımızın əhəmiyyətli hissəsidir. Bu gün Zərifə xanım insanların qəlbində özünə sevgidən abidə ucaldıb”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, 40-cı illərin əvvəllərində, 50-ci illərin əvvəllərində dünyada 400 milyon insan traxoma xəstəliyindən əziyyət çəkmiş, onlardan 80 milyonunun gözü tutulmuşdu: “Zərifə xanımın elmi fəaliyyəti, elmi tədqiqatları ilə tanış olanda görürük ki, o, həmişə oftalmologiyanın ən çətin sahələrinə müraciət edib. Zərifə xanım ilk tədqiqatçı idi ki, göz dibini müayinə etməklə insanda olan xəstəlikləri ortaya çıxara bilirdi. Bu tək Azərbaycanda deyil, dünyada yüksək qiymətləndirilən tədqiqat idi. Zərifə xanımın bu sahədə 2 monoqrafiyası var”.

Tədbirin sonunda Prezident İlham Əliyevin 7 mart tarixli Sərəncamı ilə Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təltif edilmiş xanımlara “Tərəqqi” medalı təqdim edilib.

Bundan əlavə, Azərbaycan Prezidentinin 1 fevral tarixli Sərəncamına əsasən, Azərbaycanın ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Zərifə Teymur qızı Salahovaya “Şərəf” ordeni təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR