Yasamalda mülki müdafiə və yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib - FOTO

Yasamalda mülki müdafiə və yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib - FOTO
# 04 noyabr 2022 14:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Yasamal Rayon İcra Hakimiyyətində “2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd payız-qış mövsümü ərəfəsində rayon ərazisində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, habelə mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirdə FHN Bakı Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Yasamal Rayon İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Hüseyn Əfəndiyev tədbirin əhəmiyyətindən bəhs edib, mülki müdafiə və yanğınlarla mübarizə sahəsində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışıb, yaşayış massivlərində fərdi avtomobillərin nizamsız parklanmasının, məhəllələrə girişlərin qeyri-qanuni maneələrlə məhdudlaşdırılmasının yanğın-xilasetmə əməliyyatlarına əngəllər törətdiyini, onların səmərəliliyini aşağı saldığını qeyd edərək, yerli icra və özünüidarəetmə orqanlarını belə hallarla qəti mübarizəyə çağırıb. O, həmçinin rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı çıxış edib.

Daha sonra çıxış edən natiqlər “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında ətraflı məlumat veriblər. Həmçinin, Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitoriqin nəticələri haqqında müşavirə iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirənin sonunda yanğın təhlükəsizliyi və dəm qazı ilə bağlı videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR