Yayda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib - FOTO

Yayda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib - FOTO
# 02 avqust 2022 12:53 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Şamaxı, Qəbələ, Göyçay, Goranboy, Yevlax, Göygöl, Ağstafa, Ağdaş və Astara rayonlarının ərazisində yerləşən taxıl və meşə sahələrində - açıq havada “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, maarifləndirmə tədbirlərində sözügedən rayonların aidiyyəti qurumlarının nümayəndələri, sahibkarlar və meşə təsərrüfatı mərkəzlərinin əməkdaşları iştirak ediblər.

Tədbirlərdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılmasına dair tələblər diqqətə çatdırılıb.

Tədbirlərdə, həmçinin meşə sahələrində yanğın təhlükəsizliyinə dair tələblər barədə məlumat verilib. Eyni zamanda, meşələrin və meşəətrafı ərazilərin, yüksək gərginlikli hava elektrik xətlərinin təhlükəsizlik dəhlizlərinin quru ot, kol-kos, qurumuş ağaclardan təmizlənməsinin, yanğınsöndürən maşınların sərbəst hərəkət etməsi üçün yolların genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, göstərilən mövzularda silsilə tədbirlər digər rayonlarda da keçirilir.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR