Yeni orfoqrafiya lüğətinin nəşri üçün 6-7 ay vaxt verilib

Nadir Məmmədli

© APA | Nadir Məmmədli

# 21 yanvar 2022 16:38 (UTC +04:00)

“Yeni orfoqrafiya lüğətinin təkmilləşdirilmiş formada çapdan çıxması üçün 6-7 ay vaxt verilib”.

Bunu APA-ya AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli deyib.

O bildirib ki, Rəyasət Heyəti yeni lüğətin çapdan çıxması məsələsini bu ilin planına salıb: “Amma bir şərtlə ki, lüğətdəki səhvlər düzəldilsin. Rəyasət Heyəti kitabın çapı üçün maliyyə yardımı göstərəcək. Lüğətdə sözlər köhnə qaydada deyil, elektron formada toplanacaq. Əvvəlki lüğət elektron kataloq olmadığı halda işlənib”.

Baş direktor qeyd edib ki, lüğətə gündə bir söz salıb, çıxartmaq olmaz: “Köhnə lüğət üzərində işləmək lazımdır. Klassik ədəbiyyatımızda vacib olan sözlərin bəziləri də lüğətdən çıxarılıb. “Yeni sözlər” lüğətindəki sözlərdən də orfoqrafiya lüğətinə əlavə olunması gözlənilir. Lüğətdə sözlərin sayı arta bilər”.

N. Məmmədli lüğətlə bağlı narazılığı olan şəxsləri müzakirəyə dəvət edib: “Narazı şəxsləri dəvət edəcəyik gəlsinlər, müzakirə edək, təkliflərini eşidək. Lüğətin tərtibatı bitsin, xalqın müzakirəsinə verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR