Zaqatalada sel sularında dağılan su xətti yenidən bərpa edilib - FOTO

Zaqatalada sel sularında dağılan su xətti yenidən bərpa edilib - FOTO
# 29 mart 2023 23:44 (UTC +04:00)

Zaqatalada illər əvvəl sel sularının dağıtdığı, 16 mindən çox əhalinin yaşadığı iki kəndi içməli su ilə təmin edən su xətti yenidən bərpa edilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Yuxarı Tala və Aşağı Tala kəndlərinin sakinlərini içməli su ilə təmin etmək üçün illər əvvəl sel suları nəticəsində dağılıb yararsız vəziyyətə düşən su xəttinin Tala çayı yatağından keçən hissəsi yenidən bərpa edilərək istifadəyə verilib.

Bu münasibətlə Yuxarı Tala kənd inzibati ərazisində rayon rəhbərliyinin, su xəttinin bərpa edilməsində dəstəyi olan sakinlərin və sözü gedən kəndlərin sakinlərinin iştirakı ilə açılış mərasimi keçirilib.

Tədbirdə bildirilib ki, uzun müddət su problemi ilə üzləşən bu kəndlərin sakinlərinin içməli su ilə təmin edəcək yeni bərpa edilən su xətti daxili imkanlar hesabına çəkilib.

Su xəttinin çəkilişi rayon icra hakimiyyəti, kənd bələdiyyəsi və sakinlərin dəstəyi ilə ərsəyə gəlib. Tala çayının yatağında 500 millimetr diametrli borularla çəkilən su xəttin uzunluğu 1200 metrdən çoxdur.

Qeyd edək ki, rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərində yaşayan əhalinin 70 faizini içməli su ilə təmin edən mənbəyini Tala çayının qrunt sularından götürən Meşleş su xətti ötən əsrin 70-ci illərində çəkilərək əhalinin istifadəsinə verilib.

Ötən əsrin 90-cı illərinin sonunda güclü leysan yağışları nəticəsində Tala çayında baş verən sel nəticəsində su xətti yararsız vəziyyətə düşüb.

2021-ci ilin payızında leysan yağışları nəticəsində Tala çayında baş verən daşqın səbəbindən su xəttinin çayın yatağından keçən yüzlərlə metr hissəsi dağılaraq yararsız hala düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR