Zəngilan və Qubadlıda 124 min ağac tingi əkilib, 3000 kq toxum səpilib

Zəngilan və Qubadlıda 124 min ağac tingi əkilib, 3000 kq toxum səpilib
# 02 iyun 2023 16:10 (UTC +04:00)

Zəngilan və Qubadlıda məhv edilmiş yaşıllıqların bərpası məqsədilə həmin ərazilərin torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 160 hektara yaxın sahədə 124 000 ədəd ağac tingi əkilib (çinar, sərv, şam, göyrüş, dağdağan, qarağac, meliya, akasiya və s) və 3000 kq palıd və şərq çinarı toxumu səpilib.

APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İşçi qrupların işğaldan azad edilmiş ərazilərə keçirilən iclasında İşçi Qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. Onun sözlərinə görə, yeni salınmış yaşıllıqların suvarılmasının təmin edilməsi məqsədilə Zəngilan şəhərinin girişində 55 ha ərazidə damcılı suvarma sistemi qurulub və həmin yaşıllıqlara mütəmadi qaydada aqrotexniki xidmətlər göstərilir və suvarılması təmin olunur:

“Həmçinin, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir. Bu məqsədlə Cəbrayıl rayonu ərazisinə buraxılmış 33 baş ceyranın hazırda izlənilməsi, monitorinqi aparılır. Bununla yanaşı Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına bu günədək 449 500 fərd, Suqovuşan və Xaçınçay su anbarlarına 450 min fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri (ümumilikdə 900 minə qədər) buraxılıb. Nazirlik tərəfindən bu layihələrin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR