Zoologiya İnstitutunun alimi vəfat edib

Qiyas Quliyev

© APA | Qiyas Quliyev

# 05 may 2022 14:13 (UTC +04:00)

Azərbaycan zoologiya elminin tanınmış simalarından biri, AMEA-nın Zoologiya İnstitutunun Quru onurğalıları laboratoryasının müdiri, b.e.d., dosent Qiyas Quliyev ömrünün 75-ci ilində vəfat edib.

Bu barədə APA-ya AMEA-dan xəbər verilib.

Qeyd edək ki, Qiyas Nağı oğlu Quliyev 1947-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. O, 1964-cü ildə Qədimkənd kənd orta məktəbi, 1969-cu ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini bitirib. Həmin il SSRİ Elmlər Akademiyasının filialı VODQEO-ya göndərilib və orada kiçik elmi işçi vəzifəsində işləyib. 1970-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Zoologiya İnstitutunun Morfologiya və sitogenetika laboratoriyasının aspirantı olub, lakin orduya çağrılaraq zabit kimi Xankəndində qulluq edib, ordudan tərxis olunduqdan sonra 1972-ci ildə aspiranturada təhsilini davam etdirib. Zoologiya İnstitutunda baş laborant, 1976-cı ildə kiçik elmi işçi, 1981-ci ildə isə böyük elmi işçi vəzifələrində çalışıb. 1993-cü ildən Zoologiya İnstitutunda Teriologiya laboratoriyasının müdiri, son illərdə isə Quru onurğalıları laboratoriyasının müdiri işləyib.

Q.Quliyev ölkəmizdə və xaricdə keçirilmiş elmi konqres, qurultay, konfrans və simpoziumlarda iştirak və elmi məruzələrlə çıxış edib.

1979-cu ildə “Azərbaycanda yayılmış Microtinae yarımfəsiləsinə daxil olan gəmiricilərin sitogenetikası” mövzusunda namizədlik, 2014-cü ildə isə “Azərbaycanda yayılmış gəmiricilərin kariologiyasının təkamül aspekti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Mərhum alim Zoologiya İnstitutunun nəzdindəki FD1.09 Dissertasiya şurasının və institutun Elmi şurasının üzvü idi.

Qiyas Quliyev 130-dan çox elmi əsərin müəllifi olub. Onun rəhbərliyi ilə 2 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib.

Alim Azərbaycanın “Qırmızı kitab”ına daxil edilən on növün tərtib olunmasında iştirak edib. Bundan əlavə, onun tərəfindən Azərbaycan ərazisində gəmiricilərin (Rodentia dəstəsi) 27 növünün xromosom yığımı tədqiq edilib, gəmirici növlərinin yayılması və sistematikası təftiş olunub, Mus, Sylvaemus və Microtus cinslərində yeni növlər qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR