11-ci sinif buraxılış imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apelyasiya prosesi təşkil ediləcək

11-ci sinif buraxılış imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apelyasiya prosesi təşkil ediləcək
# 01 iyul 2020 00:28 (UTC +04:00)

İyunun 10-11-də keçirilən 11-ci sinif buraxılış imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 13 iyul 2020-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apelyasiya prosesi təşkil ediləcək.

DİM-dən APA-ya verilən məlumata görə, Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılıb ki, bu tip müraciətlərə baxılmayacaq.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 6-8 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR