13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə 22 ölkədən 150-dək iştirakçı qatılacaq

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə 22 ölkədən 150-dək iştirakçı qatılacaq
# 09 oktyabr 2019 11:56 (UTC +04:00)

Oktyabrın 10-12-də Bakı Ekspo Mərkəzində baş tutacaq 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, sərgi Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir: "Beynəlxalq Təhsil Sərgisində bu il məzmun, coğrafiya, iştirakçıların sayı daha dolğundur. Sərgiyə dünyanın 22 ölkəsindən 150-dək iştirakçı qatılacaq. Sərgidə Almaniya, Belarus Respublikası, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini nümayiş etdirəcək. Həmçinin bu il keçirilən sərgidə Avropa İttifaqının birləşmiş stendi debüt edəcək. Təşkilatın stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland Krallığı, Polşa, Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunacaq. Sərgi çərçivəsində stenddə “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbi təmsil edilir. Həmçinin burada xaricdə pulsuz təhsil və beynəlxalq təhsil mübadiləsi proqramları, o cümlədən “Erasmus+” proqramı da təqdim olunur. Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur. Lodzi İqtisadi-Humanitar Akademiyası, Moskva Fasiləsiz Təhsil İnstitutu (FTİ), Lüblin Mariya Küri-Sklodovskaya Universiteti, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Novosibirsk Diyarının universitetləri, eləcə də Azərbaycanın bir sıra təhsil müəssisə və strukturu sərgidə debüt edir. Ümumilikdə sərginin çox zəngin proqramı var. Sərgi zamanı eyni zamanda əyləncə proqramları, intellektual oyunların keçirilməsi nəzərdə tutulub. Sərgi təhsil sahəsində irimiqyaslı aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, xaricdə təhsil üzrə konsultasiya şirkətlərini və s. qurumları bir araya gətirir. Sərgi iştirakçılarının 45%-ni debütantlar təşkil edir".

Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib ki, ötən il Beynəlxalq Təhsil Sərgisinə 12 ölkə qatılmışdısa, bu il ölkələrin sayı artaraq 22-yə çatıb: "Eyni zamanda ötən il sərgi iştirakçılarının sayı 130 olub, bu il isə 152-yə çatıb. Sərgidə ümumilikdə 37 yerli və xarici universitet təqdim olunacaq. Builki Təhsil sərgisində təhsilin bütün pillələri yer alacaq. Eyni zamanda son illərdə təhsillə bağlı həyata keçirilən layihələrin də təqdimatı olacaq. Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunacaq. İştirakçılara "Rəqəmsal bacarıqlar", “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər və “Təhsil TV” Media Mərkəzi təqdim olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR