77 məşğulluq mərkəzinin bazasında 22 regional məşğulluq mərkəzi yaradılıb

77 məşğulluq mərkəzinin bazasında 22 regional məşğulluq mərkəzi yaradılıb
# 30 dekabr 2020 12:12 (UTC +04:00)

“Dövlət Məşğulluq Agentliyində ciddi islahatlar həyata keçirməyə başlamışıq”.

APA-nın məlumatına görə, bunu “Gənclərin dayanıqlı məşğulluğu” proqramının təqdimatında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib. Onun sözlərinə görə, ilk olaraq 77 məşğulluq mərkəzinin bazasında 22 regional məşğulluq mərkəzi yaradılıb: “Eyni zamanda işçi heyətinin sayını ciddi şəkildə optimallaşdırmışıq. Dövlət proqramı ilə xaricdə təhsil alan gəncləri Agentlikdə fəaliyyətə cəlb etmişik. Agentliyin Aparatında 5 şöbənin bazasında 13 departament formalaşdırılıb. Dövlət orqanları arasında şəffaflığın təmin olunması məqsədilə ISO37 1000 anti-korrupsiya sertifaktının əldə olunmasına başlamışıq. Eyni zamanda rəqəmsal məşğulluq devizi altında yeni bir istiqamət başlatmışıq ki, qısa müddətdə məşğulluğu tamamilə fərqli müstəviyə gətirək. Bu istiqamətdə bir çox layihələr artıq icra edilib. Bunlar işsiz və işaxtaran şəxslərin qeydiyyatının elektronlaşdırılması, işəgötürənlərin verdiyi bütün kağızları ləğv edib hamısının elektron müstəviyə keçirilməsi, elektron vakansiya bankının yaradılması və s.-dir. Bu gün istənilən işsiz şəxs onlayn qaydada real vaxt rejimində ölkədə 30 mindən artıq mövcud vakansiya ilə tanış ola, müraciət edə bilər. Eyni zamanda biz işsizlərin məşğulluğunun təmin olunmasında xüsusi önəm kəsb edən fərdi məşğulluq proqramının həyata keçirilməsini elektronlaşdırmışıq. Artıq şəxs işsiz kimi qeydiyyata alınan kimi ona avtomatik qaydada fərdi məşğulluq proqramı tərtib olunur və vətəndaşın kabinetinə yerləşdirilir. Həmin vətəndaş da kabinetdə fərdi məşğulluq proqramı ilə tanış olur və onun icrasına nəzarət edilə bilir”.

M.Abbasbəyli qeyd edib ki, gələn il rəqəmsal məşğulluq istiqamətində bir çox köklü layihələrin həyata keçirilməsi planlaşdırılır:

“Burada vahid əmək münasibətləri sistemi, elektron əmək birjası sistemi, ölkənin məşğulluq xəritəsi sistemi, məşğul şəxslərin reyestri, monitorinq və səyyar yoxlamalar sistemi, ictimai işlər portalının yaradılması və s. planımız var. Bunların hamısının icrasına artıq başlanılıb. Biz növbəti ildən başlayaraq bu layihələrin tək-tək həyata keçirilməsi və ərsəyə gətirilməsinin şahidi olacağıq. İnanıram ki, bu layihələr həyata keçirildikdən sonra ölkənin məşğulluq siyasəti tamamilə fərqli formada, keyfiyyətdə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR