AMEA Fizika İnstitutunun direktoru, direktor müavini və daha iki əməkdaşı işdən çıxarılıb

AMEA Fizika İnstitutunun direktoru, direktor müavini və daha iki əməkdaşı işdən çıxarılıb
  • Clock-gray 12:05
  • calendar-gray 09 Yanvar 2021

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun direktoru, direktor müavini və daha iki əməkdaşı işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə yanvarın 8-də AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Rəyasət Heyətinin iclasında AMEA-nın Fizika İnstitutunda aparılmış yoxlamanın nəticələri barədə məlumat dinlənilib.

Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.

Qeyd olunanları nəzərə alaraq, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.

Həmçinin akademik Nazim Məmmədov Azərbaycan Respublikasının Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə əlaqələndiricisi vəzifəsindən də azad olunub, bununla bağlı müvafiq dövlət qurumuna müraciət olunacağı bildirilib. Bundan əlavə, institutun bir sıra əməkdaşları işlərində yol verdikləri nöqsanlara görə barələrində intizam tənbehi tətbiq edilib.

Fizika İnstitutunun direktoru vəzifəsinin səlahiyyətləri müvəqqəti olaraq akademik Adil Qəribova tapşırılıb.

apa-logo-mini

Digər xəbərlər