AQAC ermənilərin raket zərbələri nəticəsində könüllüsünün həlak olması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayacaq

AQAC ermənilərin raket zərbələri nəticəsində könüllüsünün həlak olması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayacaq
  • Clock-gray 12:45
  • calendar-gray 29 Oktyabr 2020

“Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin operativ qərargahının iclasında federasiyanın tərkibində olan 192 cəmiyyətə müraciət ünvanlamaqla bağlı qərar qəbul edilib. Müraciət çağırış formasında olacaq. Biz bu cür anti-insani hərəkətlərin birmənalı olaraq pislənməsini və beynəlxalq aləm tərəfindən bu addımların qınanılmasını istəyəcəyik”.

Bunu APA-ya açıqlamasında Milli Məclisinin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) Prezidenti Novruzəli Aslanov deyib.

N. Aslanov bildirib ki, dünən Bərdədə baş verən hadisə nəticəsində xeyli mülki şəxs vəfat edib və yaralanıb: “Onların arasında qadınlar və uşaqlar da var. Eyni zamanda həmin hadisədə həlak olanlardan biri bizim cəmiyyətin könüllüsüdür. Dünən bütün strukturlara bu barədə məlumat vermişik. Könüllümüz Mustafayev Məhərrəm humanitar missiya həyata keçirərkən dünyasını dəyişib. Bununla yanaşı, iki nəfər könüllü qızımız yaralanıb və onlara tibbi xidmət göstərilib. Bütün bunlar onu göstərir ki, qarşı tərəf heç bir beynəlxalq hüquqa riayət etmir. Belə qənaətə gəlirəm ki, riayət etmək fikrində də deyillər. Bu, təkcə Azərbaycana qarşı təcavüz deyil, ümumilikdə bütün dünya ictimaiyyətinə, beynəlxalq hüquq normalarına və bütün prinsiplərə qarşı təcavüzdür”.

AQAC Prezidenti nəzərə çatdırıb ki, artıq bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi baş verən hadisə ilə bağlı bəyanat verib: “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyin başçısı, xanım Olqa Cumayeva və Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıda nümayəndəliyinin rəhbəri, xanım Ariane Bauer dünən axşam mənə zəng vurub və başsağlığı verib. İndi də ardıcıl olaraq bizim hərəkatın bütün tərkib hissəsi, Cenevrədə olan katibliyimiz, o cümlədən Baş Katibimiz Fransesko Rokka “Twitter” hesabında baş verən hadisə ilə bağlı öz təəssüfünü bildirib. Bütün bu terror əməliyyatını həyata keçirən qüvvələrə hər bir ölkənin öz öhdəlikləri olduğunu xatırladırıq. Beynəlxalq Qızıl Xaç və Aypara hərəkatına hörmət olunmalıdır. Beynəlxalq Qızıl Xaç və Aypara emblemləri haqqında müvafiq qanunlar var. Onların işçiləri, könüllüləri heç vaxt atəşə məruz qalmamalıdırlar. Bu, cinayətdir və böyük məsuliyyət yaradır. Bütün dünya miqyasında əfsuslar olsun ki, belə hadisələr çox olur. Müharibə şəraitində Qızıl Xaç və Aypara hərəkatının könüllüləri həlak olurlar. Ən böyük problem isə ondan ibarətdir ki, onlar öz humanitar missiyalarını həyata keçirərkən bu baş verir”.

N. Aslanov qeyd edib ki, Məhərrəm Mustafayev Bərdədə zərərçəkmiş insanların siyahısını tuturmuş: “Onlar Ayparanın ofisinə qayıdarkən raket hücumuna məruz qalıb. Bu vəziyyətdən qarşı tərəfin necə çıxacağını bilmirəm. Çünki bu, beynəlxalq aləmdə böyük bir problemdir. Beynəlxalq ictimaiyyətə xüsusi olaraq, bizim federasiyaya daxil olan 192 cəmiyyətə müvafiq müraciətlər ünvanlanacaq.

Biz humanitar, neytral təşkilatıq. Lakin insanlığın əleyhinə, mülki əhaliyə qarşı terror həyata keçirən və onların həyatına təhlükə törədən hadisələri birmənalı olaraq pisləyirik”.

AQAC Prezidenti bildirib ki, M. Mustafayev altı ildir, Azərbaycan Qızıl Aypara Cəmiyyətində könüllü kimi fəaliyyət göstərib: “Onun iki övladı var. Son iki ildə Beynəlxalq Qızıl Xaç komitəsinin xüsusi Proqramı əsasında yaradılan mobil texniki dəstələrin fəal üzvü olub. Federasiyanın tədbirlərində çox fəal iştirak edib. Biz çox təcrübəli və öz peşəsinə çox yaxşı yiyələnən könüllümüzü itirmişik”.

Qeyd edək ki, Ermənistanın oktyabrın 27-də və 28-də Bərdə rayonunu raket atəşinə tutması nəticəsində 25 nəfər həlak olub, 80-dən artıq şəxs yaralanıb.

Firuzə Vahid

Digər xəbərlər