“ASAN Login”də yeni videoqeydiyyat imkanı yaradılıb

“ASAN Login”də yeni videoqeydiyyat imkanı yaradılıb
# 12 mart 2021 11:35 (UTC +04:00)

Elektron Hökumətin İnkişafı Mərkəzi “ASAN Login” sistemi üzrə yeni imkanın təqdimatını edib.

APA-nın məlumatına görə, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib ki, “ASAN Login” Vahid Giriş Sistemində səs və üztanıma kimi innovativ həllərə əsaslanan videoqeydiyyat imkanı yaradılıb.

Videoqeydiyyat “ASAN Login” sisteminin vətəndaşlar üçün əlçatanlığını və elektron xidmətlərdən istifadəni daha da genişləndirmək məqsədilə yaradılıb. Hazırda inteqrasiya olunan sistemlərlə birlikdə 52 sistemə girişi təmin edən “ASAN Login” bir çox istifadəçi adı və parolu yadda saxlamaq ehtiyacını aradan qaldırır, məlumat sızması təhlükəsini minimuma endirir. Bir dəfə “ASAN Login”də qeydiyyatdan keçən vətəndaş bura inteqrasiya edilmiş bütün qurum və sistemlərə giriş edə və göstərilən xidmətlərə rahat şəkildə müraciət edə bilər.

F.Cəfərov qeyd edib ki, sistem vətəndaşlara zamana qənaət etmək və məlumatları vahid məkandan idarə etmək imkanlarını yaradır. Bu üstünlüklər sayəsində 2020-ci ildə “ASAN Login”də istifadəçi sayı 2019-cu illə müqayisədə 3 dəfədən çox artaraq 1 milyon 741 min təşkil edib.

Qeyd edək ki, “ASAN Login”də 4 cür giriş sistemi mövcuddur: İdentifikasiya nömrəsi ilə, “Asan İmza” ilə, elektron imza ilə, BSXM-in (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə.

“ASAN Login”də gücləndirilmiş elektron imzası – yəni “Asan imza” və ya elektron imzası olmayan vətəndaşlar identifikasiya nömrəsi ilə qeydiyyatdan keçirlər. Bu zaman vətəndaşın mobil nömrəsinin onun öz adına olması mütləqdir. Mobil nömrəsi öz adına olmayan vətəndaşlarda isə qeydiyyat keçməkdə müəyyən çətinliklər yaranırdı. Hazırda isə identifikasiya nömrəsi ilə qeydiyyat bölməsində yeni yaradılmış videoqeydiyyatın köməyi ilə vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə biləcəklər. Beləliklə, videoqeydiyyat öz adına mobil nömrə olmayan vətəndaşlar üçün də bir çox elektron xidmətlərə müraciət etmək imkanı yaradır.

“ASAN Login”də artıq qeydiyyatdan keçmiş vətəndaşların isə videoqeydiyyatdan keçməsinə ehtiyac yoxdur.

Videoqeydiyyatla “ASAN Login”də qeydiyyatdan keçmək vətəndaşlar təlimat videosu ilə tanış ola bilərlər: https://youtu.be/UCBVu2hyzv8

FİN kod və mobil nömrə ilə qeydiyyatla bağlı təlimat videosu: https://youtu.be/aqcALD1jT7k

Bundan əlavə şifrəni unudan və bərpa etmək üçün aktiv mobil nömrəsi əlçatan olmayan vətəndaşlar videoyazı vasitəsilə sistemə digər aktiv mobil nömrəni əlavə edərək unudulmuş şifrəni bərpa edə bilərlər. Təlimat videosu: https://youtu.be/25RQRegUeFQ “ASAN Login” sistemi ilə bağlı yaranan suallara asanlogin.my.gov.az saytında “Tez-tez verilən suallar” bölməsində baxmaqla və ya 108 “Çağrı” Mərkəzindən məlumat almaqla cavab tapmaq olar. Həmçinin ilkin pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində “E-Gov pəncərəsi”nə aidiyyəti mövzu ilə bağlı müraciət etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR