Ağcabədi və Ağdam rayonlarında azyaşlı uşaqların və anaların sağlamlığı və inkişafına dəstək layihəsi həyata keçirilir

Ağcabədi və Ağdam rayonlarında azyaşlı uşaqların və anaların sağlamlığı və inkişafına dəstək layihəsi həyata keçirilir
# 28 dekabr 2020 23:18 (UTC +04:00)

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Regional inkişaf” İctimai Birliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Ağcabədi və Ağdam rayonlarında müharibədən zərər çəkən azyaşlı uşaqlar, südverən analar və hamilə qadınlar üçün tibbi-psixoloji, eləcə də onların sosial, fiziki və əqli inkişafına dəstək layihəsi həyata keçirilir.

APA Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə istinadən xəbər verir ki, iki ay davam edəcək layihə çərçivəsində rayonlara ezam olunmuş pediatr, uşaq psixiatrı, nevroloq və psixoloqlar tərəfindən layihəyə cəlb edilən şəxslərin müayinə və müalicəsi aparılır, uşaqların rahat və təhlükəsiz şəraitdə yetişməsi və şəxsiyyət kimi formalaşması üçün inkişafetdirici oyunlar, müxtəlif fəaliyyətlər təşkil edilir. Bundan başqa, gənc analara və hamilə qadınlara uşaqların ana südü ilə qidalandırılmasının əhəmiyyəti, erkən uşaqlıq dövründə təlim-tərbiyəsi, uşaqlar və valideynlər arasında emosional bağlılığın təşviqi və digər istiqamətlərdə məsləhətlər verilir.

RİİB könüllüləri tərəfindən iştirakçıların layihəyə cəlb olunması və qeydiyyatı, layihənin icrası zamanı koronovirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət, həmçinin maarifləndirmə işləri həyata keçirilir.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin layihənin icra vəziyyəti ilə yerində tanış olmaq üçün Ağcabədi və Ağdama səfər edib. Səfər zamanı həkimlər, pasientlər və RİİB könüllüləri ilə görüşən Edvardan Karvardin onlarla fikir mübadiləsi aparıb, layihənun uğurlu icrası istiqamətində öz tövsiyələrini verib. Layihənin həyata keçirilməsində Ağdam və Ağcəbədi Rayon Mərkəzi xəstəxanalarının direktorları dəstək göstəriblər. Bu gündən yaradılmış tibb məntəqələrində Rayon Mərkəzi Xəstəxanasına təhkim edilən tibb bacıları və həkimlər fəaliyyətə başlayıblar.

Sakinlər müharibədən zərər çəkmiş uşaqlar və gənc anaların sağlamlığına və inkişafına xidmət edən belə bir layihənin icrasına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR