Agentlik: Əlilliyə görə müddətin bitməsi əlilliyin ləğvi demək deyil

Agentlik: Əlilliyə görə müddətin bitməsi əlilliyin ləğvi demək deyil
# 05 aprel 2021 10:53 (UTC +04:00)

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bildirir ki, geridönməz hallar, amputasiya, sağalması mümkün olmayan ağır xəstəliklər və s. olduğu hallarda əlillik müddətsiz, yəni ömürlük verilir.

Agentlikdən APA-ya verilən məlumata görə, digər hallarda isə əlillik müddətli təyin edilir. Müddətli əlillik təyin edilmiş şəxslərə təyin olunmuş əlilliyin müddəti onlara təqdim edilmiş müvafiq sənədlərdə göstərilir.

Qeyd olunub ki, bəzən bu sənədlərlə diqqətlə tanış olmayan, əlillik müddətinə nəzər salmayan şəxslər məlumatsız olduqlarından əlilliyə görə aylıq sosial ödənişlər (pensiya, müavinət, təqaüd) dayandıqda bunu əlilliklərinin ləğv olunması kimi qəbul edirlər. Halbuki həmin sosial ödənişin dayanması əlillik müddətinin bitdiyini göstərir və əlilliyin ləğvi demək deyil. Əlillik müddəti bitən şəxslər qanunvericiliyə müvafiq olaraq səhiyyə müəssisələrinə müraciət edərək müayinə olunmalı və əlillik müddətinin uzadılmasına dair göndəriş (Forma-88) səhiyyə müəssisələri tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin e-sisteminə daxil edilməlidir.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılmışdır. Bu qərar çox sayda şəxsi əhatə etmiş və onların əlillik müddəti 2021-ci ildə bitir. Ona görə də əlillik müddəti cari ildə bitən şəxslər əlilliyə dair sənədlərinə diqqətlə yanaşmalı və əillik müddətinin bitməsinə bir müddət qalmış yuxarıda qeyd olunan qaydada səhiyyə müəssisələrinə müraciət edərək əlillik müddətinin uzadılmasına dair göndərişin (Forma-88) tərtib edilməsi üçün müayinələrdən keçməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR