Ailədəki zorakılığın ən son həddində polis orqanlarına məlumat verilir - TƏHLİL

Ailədəki zorakılığın ən son həddində polis orqanlarına məlumat verilir - TƏHLİL
  • Clock-gray 19:40
  • calendar-gray 21 Avqust 2020

“Baş verən məişət zorakılığının səciyyəvi kriminoloji xüsusiyyətlərindən biri onların latentliyinin yüksək olmasıdır”.

APA-nın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin COVİD-19 pandemiyası ilə bağlı ölkədə keçirilən sosial izolyasiya tədbirləri  və xüsusi karantin rejiminin tətbiqi nəticəsində ailələrdə yaranmış vəziyyətin təhlilində yer alıb.

Qeyd olunub ki, ailədə baş verən zorakılıq haqqında vəziyyətin ən son həddində polis orqanlarına məlumat verilir: “Bir çox hallarda isə bu haqda uzun müddət informasiya verilmədiyindən zorakılığın ağır nəticələri ilə müşahidə olunan cinayətlər baş verir. Bu isə öz növbəsində ailə-məişət zorakılığının qurbanlarının sayına təsir edir.

Lakin bununla yanaşı, son dövrlərdə vətəndaşlar dövlət qurumlarına müraciət edirlər.  Elə Komitəyə olunan ərizə və şikayətlərdə də buna rast gəlmək mümkündür. Bu fikirlərimizi sorğunun digər sualına verilən cavablarla da əsaslandıra bilərik. Belə ki, respondentlər “Ailədə problemlə üzləşsəniz kimin köməyinə arxalanarsınız?” sualına cavab olaraq daha çox özünə (34,1%), valideynlərinin (28,7%) köməyinə arxayın olduqlarını bildirmişlər. Ümumilikdə 37,2% dövlətə (25,3%) və hüquq- mühafizə orqanlarının (11.9%) köməyinə arxayın olduqlarını bildiriblər.  Artıq vətəndaşlar problemlərini hüquqi müstəvidə həll edilməsinə üstünlük verirlər. Çünki ancaq bu halda o özünü tam müdafiə olunmuş hesab edə bilər”.

Bildirilib ki, fövqalədə vəziyyətdə, böhranlı dövrdə  vahid fəaliyyət proqramına ehtiyac yaranır: “Belə bir proqramın olması ailə institutumuzun qorunması və daha da möhkəmləndirilməsi, xüsusilə də zorakılığa məruz qalan qadın və qızların müdafiə olunması baxımından əhəmiyyətlidir”.

 

Əsmər Qabil

Digər xəbərlər