Ali məktəblərə ixtisas seçimi başlayıb - YENİLƏNİB

Ali məktəblərə ixtisas seçimi başlayıb - YENİLƏNİB
# 10 sentyabr 2020 16:52 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib.

DİM-dən APA-ya verilən xəbərə görə, ixtisas seçimi sentyabrın 10-dan 20-dək internet vasitəsilə aparılır.

Abituriyentlərin müsabiqədə iştirakı

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abi­turi­yentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını www.eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Abituriyentlər, müsabiqə şərtlərini ödədikləri halda, eyni vaxtda 2 ixtisas qrupu (I-IV ixtisas qruplarının hər hansı biri və V ixtisas qrupu) üzrə müsabiqədə iştirak edə bilərlər.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıl­lığını abituriyent özü müəyyənləşdirir.

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaş­malar­da di­gər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Müsabiqə şərtləri ilə buradan - http://dim.gov.az/upload/iblock/67f/67fcf2be007420bd6704a80106a235bd.pdf ətraflı tanış olmaq olar.

Subbakalavrların müsabiqədə iştirakı

Subbakalavrlar ixtisas seçimində iştirak etmək üçün digər abituriyentlərlə bir yerdə sentyabrın 10-dan 20-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Bunun üçün onlar ali təhsil müəssisələrinə qəbul planı dərc olunan “Abituriyent” jurnalının 2020-ci il 4-cü nömrəsindən istifadə etməlidirlər.

Subbakalavrlar müsabiqədə müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərti (200 bal, bəzi ixtisaslar üzrə 250 və 150 bal) əsasında (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra) iştirak edirlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. İxtisasların uyğunluğu “Abituriyent” jurnalının “2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə subbakalavrların qəbulu elanı” adlı xüsusi buraxılışında təqdim olunan “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas(baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”ndə verilib. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunub.

Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıl­lığını subbakalavr özü müəyyənləşdirir.

Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edək ki,müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

***

00:00

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayır. İxtisas seçimi sentyabrın 20-dək internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, səhv etmək ehtimalı yoxdur və ərizənin yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə I, II,III və IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapır. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın 2 saylı buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.

Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya, Avrasiya Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə yalnız əvvəlcədən onlayn növbə götürməklə müraciət ermək mümkündür.

“Məsləhət Mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq abituriyentlərin qəbulu məhdud sayda – günlük müəyyən edilmiş saya uyğun DİM-in saytı vasitəsilə əvvəlcədən götürülmüş onlayn növbə əsasında həyata keçiriləcək. Bir abituriyentə maksimum 20 dəqiqə vaxt ayrılacaq. Abituriyenti yalnız 1 nəfərin müşaiyət etməsinə icazə veriləcək.

Onlayn növbənin götürülməsi sentyabrın 9-dan etibarən mümkün olacaq. Onlayn növbə tutmaq üçün hər bir şəxs sistemdə tələb olunan məlumatları doldurmaqla (şəxsi məlumatlar, məsləhət yeri, tarixi və saatı) xidmətdən rahat yararlana bilər. Bir şəxs gün ərzində yalnız 1 görüş təyin edə bilər. Təyin olunan görüşün vaxtını və yerini dəyişmək istəyənlər “Görüşdən imtina edirəm” bölməsinə müvafiq məlumatları daxil etməklə görüşdən imtina edib yeni görüş təyin edə bilərlər.

Onlayn növbəyə yazılmış şəxslər binaya yaxınlaşdıqda şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməlidirlər. Qəbul prosesi koronavirus (COVID-19) infeksiyasnın profilaktikasına dair metodiki göstərişlərə uyğun təşkil ediləcək. Bunun üçün mərkəzlərdə təlimata uyğun müvafiq şərait yaradılıb. Qəbul mərkəzlərində müraciət edən vətəndaşların öz aralarında və işçilərlə (xidmət göstərən əməkdaşlar və s.) sıx qarşılıqlı münasibətlərində lazımi sosial məsafənin saxlanılması təmin olunacaq. Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR