Almaniya və Şimali İrlandiyanın bəzi regionlarından Azərbaycana quş və quş məhsullarının idxalı məhdudlaşdırılıb

Almaniya və Şimali İrlandiyanın bəzi regionlarından Azərbaycana quş və quş məhsullarının idxalı məhdudlaşdırılıb
  • Clock-gray 18:21
  • calendar-gray 12 Yanvar 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan APA-ya verilən məlumata görə, AQTA tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Almaniya Federativ Respublikasının Türingiya vilayətindən və Şimali İrlandiyanın Olster əyalətindən bütün növ diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Həmçinin epizootik risk amillərinin mövcudluğu nəzərə alınaraq, Almaniya Federativ Respublikasının Türingiya vilayətinin və Şimali İrlandiyanın qadağa tətbiq edilməmiş digər ərazilərindən ölkəmizə idxal edilən bütün növ diri quş və quş məhsulları yüksək risk qrupuna aid edilərək daxil olan yükün hər partiyasının müvafiq laborator müayinələrə cəlb edilməsi qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Federativ Respublikasından və Şimali İrlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Günay Elşadqızı

Digər xəbərlər