Anar Kərimov BMT-nin Sosial İnkişaf Komissiyasının sessiyasında çıxış edib

Anar Kərimov BMT-nin Sosial İnkişaf Komissiyasının sessiyasında çıxış edib
  • Clock-gray 14:28
  • calendar-gray 10 Fevral 2021

BMT-nin Sosial İnkişaf Komissiyasının 59-cü sessiyası öz işinə başlayıb. 9-17 fevral tarixlərini əhatə edəcək sessiyanın Nazirlər Forumunda çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda həyata keçirilən sosial islahatlar, pandemiya dövründə görülən sosial dəstək tədbirləri barədə məlumat verib.

Nazirlikdən APA-ya verilən məlumata görə, o, əhalinin rifahının yaxşılaşdırılmasının Azərbaycanda aparılan sosial-iqtisadi islahatların əsasını təşkil etdyinini, ölkədə sosial xərclərin mütəmadi artımının bunun əyani sübutu olduğunu deyib. Hətta qlobal böhranın davam etdiyi dövrdə əhalinin gəlirlərinin qorunmasına xüsusi diqqət yetirildiyini, sosial ödənişlərin artırılması tədbirlərinin davam etdirildiyini bildirib. 

2019-cu ildə Azərbaycanda reallaşdırılan mühüm sosial dəstək paketlərindən bəhs edən A.Kərimov xüsusilə COVİD pandemiyasının hökm sürdüyü 2020-ci ildə bu paketlərin əhaliyə ciddi sosial dəstək olduğunu vurğulayıb. İcra olunan ünvanlı sosial yardım proqramının aztəminatlı ailələrin sosial müdafiəsinə dəstək olmaqla, yoxsulluğa qarşı mübarizədə də fəal bir vasitə olduğunu qeyd edib.

Nazir müavini COVİD pandemiyasının mənfi nəticələrini aradan qaldırmaq üçün hələ 2020-ci ilin aprelində ölkəmizdə qəbul olunmuş xüsusi proqramlar əsasında 4 istiqamətdə məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən, 5 milyon insanı və ya ölkə əhalisinin yarısını əhatə edən sosial dəstək tədbirlərini qeyd edib. A.Kərimov iş yerlərinin qorunması sahəsində aparılan işləri, xüsusi karantin dövründə işə çıxmayan 900 min işçinin əməkhaqlarının ardıcıl ödənildiyini, pandemiyaya qarşı mübarizədə sosial həmrəylik prinsiplərinə riayət edilməsi üçün işəgötürənlərlə aparılan işləri qeyd edib. 

O, özəl sektorda əmək müqavilələrinin sayında ötən il qeydə alınan ciddi artım, işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət  600 min şəxsin birdəfəlik ödəmələrlə təminatı proqramı barədə məlumat verib.  

A.Kərimov Forumda sualları cavablandırarkən son günlərdə Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üçün  Milli Prioritetləri qəbul etdiyini bildirib. 

Günay Elşadqızı

Digər xəbərlər