Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib

Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib
  • Clock-gray 18:06
  • calendar-gray 05 Dekabr 2019

Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib.

APA-nın məlumatına görə, "Könlüm Azərbaycan" devizi altında keçirilən Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Bu çərçivədə ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib ki, 1985-ci ildən başlayaraq BMT tərəfindən dekabrın 5-i Beynəlxalq Könüllülük Günü kimi təsis edilib. O ildən başlayaraq BMT üzv olan ölkələr, eyni zamanda Azərbaycanda da bu gün könüllülər günü kimi qeyd edilir:

"Bugünkü Forumda təxminən 3000-ə yaxın gənc iştirak edir. "ASAN Xidmət" mərkəzləri yarandığı gündən könüllülərin fəaliyyətindən geniş istifadə olunur. Bu günə kimi 20 mindən artıq könüllü "ASAN Xidmət" mərkəzlərində könüllülük fəaliyyəti keçib".

C.Salmanovun sözlərinə görə, bugünkü tədbir dekabrın 1-dən 9-na qədər olan "Könüllülük Həftəsi" çərçivəsində qeyd edilir:

"Bu həftə çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Onlardan artıq bir neçəsi baş tutub. "Şəhidimiz" aksiyası çərçivəsində 17-dən artıq şəhər və rayonda 147 şəhid ailəsi ziyarət olunub. "Könüllülük sərhəd tanımır" aksiyası çərçivəsində könüllülər müxtəlif şəhər və rayonlarda yerləşən internat və uşaq evlərində, ahıllar evlərində olublar. Orada müxtəlif oyunlar təşkil edilərək həmin mərkəzlərdə olan şəxslərin sosial həyata inteqrasiyası ilə bağlı tədbirlər həyata keçirilib. Ümumilikdə tədbirlərdə 10 mindən artıq gənc könüllü iştirak edib". 

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. O bildirib ki, "Könüllülük həftəsi" çərçivəsində Azərbaycanın bütün regionlarında ölkədə fəaliyyət göstərən könüllülük hərəkatları və təşkilatlarının üzvlərinin iştirakı ilə silsilə tədbirlər keçirilir:

"Ölkəmizdə könüllülük fəaliyyəti son illər geniş vüsət alıb. Bu il fevralın 1-də dövlət başçısı gənclərlə görüşündə dövlət qurumlarına müraciət edərək Könüllülər Hərəkatının yaradılması və gənclərin bu fəaliyyətə cəlb olunması ilə bağlı çağırışı olub. Bu çağırışa uyğun olaraq təkcə bu il 9 mərkəzi icra hakimiyyəti yanında, eyni zamanda, əksər yerli icra hakimiyyəti orqanları yanında Könüllülük Hərəkatı təsis edilib. Bu gün də onlar çox uğurla fəaliyyət göstərir".

Təhsil nazirinin müavini Firudin Qurbanov və Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də dövlət tərəfindən könüllülük fəaliyyətinə böyük dəstək göstərildiyini, könüllülük fəaliyyətinin gənclərin həyatlarında, xüsusilə də karyera qurmalarında əhəmiyyətli yer tutduğunu qeyd ediblər. 

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai BMT Baş katibinin Beynəlxalq Könüllülər Günü münasibətilə müraciətini oxuyub.

Forum könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışları və il ərzində fəallıq nümayiş etdirmiş könüllülərin mükafatlandırılması, həmçinin beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam etdirilib.

Sonda rəsmi qonaqlar və könüllü təşkilatlarının təmsilçiləri birgə xatirə şəkli çəkdiriblər.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date