Azərbaycan Prezidenti: “Beş ölkədən həkimlər dəvət etməyimiz xəstələrin müalicəsində bizə xeyli kömək etdi”

Azərbaycan Prezidenti: “Beş ölkədən həkimlər dəvət etməyimiz xəstələrin müalicəsində bizə xeyli kömək etdi”
  • Clock-gray 15:02
  • calendar-gray 18 Dekabr 2020

“Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada ümumi bəla olan pandemiyaya qarşı mübarizə üzrə operativ tədbirlər görüb. Qısa müddətdə laboratoriyaların sayı praktiki olaraq 8 dəfə artırılıb, 10-dan çox yeni müasir xəstəxana, o cümlədən modul tipli xəstəxana tikilib. Beləliklə biz COVID xəstələri üçün 10 mindən çox çarpayı təqdim etmişik”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı koronavirus pandemiyasına qarşı Azərbaycanda aparılan mübarizə tədbirlərindən danışarkən bildirib.

Həkim çatışmazlığının ümumi problem olduğunu qeyd edən dövlət başçısı deyib: “Çünki heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmamışdı. Biz həmkar ölkələrlə operativ danışıqlar apararaq 5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdik. Bu, xəstələrin müalicə olunmasında bizə xeyli dərəcədə kömək etdi. Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib, bu, bizim əhalinin yarısını təşkil edir”.

Prezident qeyd edib ki, dünyada vaksinləmə prosesinin başlandığı vaxtda Azərbaycan da bu prosesə qoşulur.

“Ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan “Sputnik V”, “AstraZeneca”, “Sinofarm”, “Sinovac”, “Moderna”, “Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparılıb. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq “COVAX” təşəbbüsünə ilk qoşulanlardan biri olub”, - deyə Prezident İlham Əliyev əlavə edib. 

apa-logo-mini

Digər xəbərlər