Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
# 10 aprel 2020 19:06 (UTC +04:00)

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Qərargahdan APA-ya verilən məlumatda bildirilir ki, koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər çərçivəsində bir sıra dövlətlər sərhədlərin bağlanmasına qərar verərək ölkə ərazisinə giriş-çıxışı müvəqqəti dayandırıb: “Əksər dövlətlər hava reyslərini təxirə saldığından 2020-ci il mart ayından etibarən xaricdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımıza müraciətlər edilib, Azərbaycan hökuməti tərəfindən ayrılmış müntəzəm çarter reysləri üzrə İran, Türkiyə, Rusiya, İtaliya, Macarıstan və digər ölkələrdən soydaşlarımızın geri dönüşü təmin olunub. Sonrakı mərhələdə COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycandakı mövcud vəziyyət təhlil edilib və xəstəliyin geniş yayılmasının qarşısının alınması məqsədi ilə 5 aprel 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb.

Sərhədlərin bağlanması barədə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, hazırda Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşlarının bir qisminin vətənə qayıtmaq məqsədi ilə sərhəd-buraxılış məntəqəsinə toplaşması, sərhəddə gərginlik yaratması kimi hallar müşahidə olunmaqdadır. Yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasında yaşayan və hazırda Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, 20 aprel 2020-ci il tarixədək ölkəmizin Rusiya Federasiyasındakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməyə çağırırıq”.

Məlumatda qeyd olunur ki, hazırda Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunduğundan ölkə sərhədlərinin qarşıdakı müddətdə açılmasına dair qərar 20 aprel 2020-ci il tarixindən sonra COVID-19 zəminində mövcud vəziyyət təhlil edilərək veriləcək.

“Eləcə də ölkə daxilində karantin məqsədilə ayrılmış məntəqələrin vətəndaşları qəbul etmək imkanları və COVID-19 xəstəliyinin yayılma dinamikası nəzərə alınaraq səfirlik və konsulluqlarda qeydiyyatdan keçmiş şəxslərin müəyyən qrafiklə vətənə dönüşünün təmin olunması məsələsinə baxılacaq.

Sərhədlər bağlı olduğu müddətdə yalnız vəfat etmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin 1 nəfər yaxınının müşayiəti ilə (müşayiət edən şəxs Azərbaycana keçdikdən sonra karantində saxlanılmaqla) ölkəyə gətirilməsinə istisna hal kimi şərait yaradılacaq.

Qlobal pandemiya dövründə vətəndaşlarımızdan insanların sağlamlığı və təhlükəsizliyi naminə mövcud tələb və qaydalara əməl etmələri, sərhəd məntəqələrində toplaşmamaları, bununla da yaşadıqları ölkələrin karantin rejimini pozmamaları tələb olunur”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR