Azərbaycan TEDx tədbirinə ev sahibliyi edib - VİDEO

Azərbaycan TEDx tədbirinə ev sahibliyi edib  - VİDEO
# 05 aprel 2021 09:55 (UTC +04:00)

Azərbaycan Britaniya Kolleci TEDx tədbirinə ev sahibliyi edib. Qeyd edək ki, TED yayılmağa dəyər ideyaları dünyaya yayan Amerika mərkəzli bir təşkilatdır və TEDx tədbirləri yalnız həmin təşkilatdan alınan lisenziya ilə ildə bir dəfə keçirilə bilir. Azərbaycan Britaniya Kollecinin şagirdləri komanda olaraq bu təşkilata müraciət etmiş və lisenziya əldə ediblər. Bununla Azərbaycanda ilk dəfə bir orta məktəbdə TEDx tədbiri keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə millət vəkilləri, müəllimlər, şagirdlər və ölkəmizin tanınmış simaları çıxış etmişdir. Tədbirin açılışını SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti, məktəbin İdarə Heyətinin sədri Xalik Məmmədov çıxış edərək belə bir tədbirlərin keçirilməsinin təqdirə layiq olduğu qeyd edib. Daha sonra məktəbin direktoru Karl Lander çıxış edərək, məktəb haqqında qısa məlumat verib, tədbirin ərsəyə gəlməsi üçün şagird və müəllim heyətimizə təşəkkürünü bildirib.

Məlumata görə, TEDx səhnəsində millət vəkili Etibar Əliyev, ürək cərrahı, millət vəkili Rəşad Mahmudov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digər tanınmış simalar, həmçinin məktəbin şagirdləri aktual mövzular haqqında çıxış edərək izləyicilərə ilham mənbəyi olublar.

Pandemiya şəraitini nəzərə alaraq, tədbir zalında auditoriya olmadı və tədbir canlı olaraq məktəbin “Facebook” və “YouTube” kanallarında göstərilib.

Azərbaycan Britaniya Kolleci 2012-ci ildən fəaliyyətə başlamış, hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən olan 635 şagird üçün xidmət göstərməkdədir. ABC-də İngiltərə Milli Kurrikulumu 24 əcnəbi və 50 yerli müəllim tərəfindən tədris olunur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələbinə uyğun olaraq, əlavə dərslər kimi Azərbaycan dili, ədəbiyyat və tarix fənləri də kurrikuluma daxil edilib. ABC Beynəlxalq Məktəblər Şurası tərəfindən tam akkreditasiya olunmuş yeganə məktəbdir və Britaniya Məktəblər Şurasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR