Azərbaycan vətəndaşı olan uşaqların əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsi qaydası açıqlanıb

Azərbaycan vətəndaşı olan uşaqların əcnəbi və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsi qaydası açıqlanıb
# 27 fevral 2020 17:39 (UTC +04:00)

Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası açıqlanıb.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin 27 fevral 2020-ci il Fərmanı ilə təsdiq olunan “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda əksini tapıb.

Qaydaya görə, Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürməyi arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu “Ölkələrarası övladlığagötürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” 1993-cü il 29 may tarixli Haaqa Konvensiyasının tələblərinə zidd olmamaq şərtilə, övladlığa götürmək arzusunda olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən bu Qaydanın 2.18-ci bəndində qeyd olunan məlumatları təsdiq edən sənədlərin rəsmiləşdirilib bilavasitə və yaxud akkreditə edilmiş orqan vasitəsilə kağız və ya elektron daşıyıcılarda Nazirliyə təqdim edilməsi yolu ilə həyata keçirilir.

Öz ölkəsində övladlığagötürmə ilə bağlı təlim keçməsi barədə təsdiqedici sənəd (sertifikat) təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulan təlimlərə cəlb edilmirlər.

Azərbaycan Respublikasından kənarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 (iki) həftə ərzində ümumilikdə 40 (qırx) saat müddətində müəssisələrdə uşaqlarla görüş keçirməlidirlər.

Bu Qaydanın 2.18-ci bəndində qeyd olunan sənədlərdən (məlumatlardan) əlavə, Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mülkiyyətlərində orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə uyğun olaraq minimum normadan az olmayan yaşayış sahəsinin olmasını təsdiq edən sənəd təqdim etməlidirlər.

Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi ləğv edildikdə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmamışdırsa, Nazirlik Azərbaycan Respublikasının vətəndaşı olan uşağın Azərbaycan Respublikasının ərazisinə qaytarılması üçün tədbirlər görülməsi və ya övladlığagötürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədilə övladlığagötürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına məlumat verir. Azərbaycan Respublikasının ərazisinə qaytarılan uşaq bu Qaydaya uyğun olaraq yenidən uçota alınır.

Uşaq, bu Qaydanın 11.7-ci bəndi istisna olmaqla, daimi olaraq Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşağın qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Qaydaya uyğun olaraq vahid uçota alındığı gündən 6 (altı) ay keçdikdən sonra övladlığa verilə bilər.

Azərbaycan Respublikasının vətəndaşı olmayan, lakin bu Qaydaya uyğun olaraq vahid uçota alınmış uşaqların Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsinə uçota alındıqdan 1 (bir) il müddət keçdikdən sonra yol verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR