Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının 47-ci iclası keçirilib

Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının 47-ci iclası keçirilib
# 31 may 2020 14:01 (UTC +04:00)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) növbəti - 47-ci iclası keçirilib.

APA-nın məlumatına görə, ilk dəfə virtual formatda keçirilən iclasda ÖƏK-ə üzv olan təşkilatlar – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Heydər Əliyev Fondu, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ET Ağciyər Xəstəlikləri İnstitutu, Ümumdünya Səhiyyə Təşkilati, Dünya Bankı, Vərəm Əleyhinə QHT Koalisiyasına üzv olan QHT-lər, İİV/QİÇS sahəsində fəaliyyət göstərən QHT-lər, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Respublika Narkoloji Mərkəzinin nümayəndələri, eyni zamanda Fransanın Azərbaycandakı səfiri cənab Zaxariye Qross müşahidəçi qismində iştirak edib.

ÖƏK-in son bir illik uğurlu fəaliyyəti haqqında ÖƏK Katibliyi tərəfindən məlumat verildikdən sonra, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədov çıxış edərək, son illər səhiyyə sahəsində aparılan uğurlu və davamlı islahatlardan bəhs edib, bütün dünyanı bürüyən COVİD-19 pandemiyası ilə mübarizə sahəsində ölkənin uğurlu siyasət yürütdüyünü, düzgün və vaxtında icra olunan tədbirlər nəticəsində nümunəvi ölkələr sırasında olduğunu diqqətə çatdırıb. Soltan Məmmədov müzakirələr zamanı qeyri-hökümət təşkilatlarının qanunvericilikdə ehtiyac duyulan dəyişikliklərlə bağlı müraciətlərinə cavab olaraq, Milli Məclisin Səhiyyə Komitəsinin, Əmək və Sosial Siyasət Komitəsinin üzvü kimi vətəndaş cəmiyyəti nümayəndələrinin, Komissiya üzvlərinin təkliflərini müntəzəm olaraq parlament üzvlərinin diqqətinə çatdıracağını bildirib. Soltan Məmmədov ölkədə İİV, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə Vərəm və İİV/QİÇS sahəsində görülən işləri və əldə olunan nəticələri yüksək qiymətləndirərək, Qlobal Fondun COVİD-19-la mübarizə sahəsində də ölkələrə dəstək vermək üçün maliyyə vəsaiti ayırmasının təqdirəlayiq olduğunu qeyd edib. Bu maliyyə vəsaiti çərçivəsində seroloji-epidemioloji tədqiqatların aparılması və xüsusi lazımi qoruyucu vasitələrin alınmasını nəzərdə tutan layihə təklifi müzakirə olunaraq, Qlobal Fonda təqdim edilməsi üçün ÖƏK üzvləri tərəfindən təsdiq olunub.

Fransanın Azərbaycandakı səfiri Zaxariye Qross çıxışı zamanı Fransanın Qlobal Fonda maliyyə yardımı ayıran ikinci ən böyük donor ölkə olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb. Qlobal Fondun əsas risk qrupları arasında hər iki xəstəliklə mübarizə istiqamətində apardığı uğurlu fəaliyyəti yüksək qiymətləndirib. Səfir Ölkə Əlaqələndirmə Komissiyasına bu sahədə aparılan uğurlu fəaliyyətə görə təşəkkürünü bildirib.

Ədliyyə Nazirliyinin rəhbərliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi, QİÇS-lə Mübarizə Mərkəzinin və ET Ağciyər Xəstəlikləri İnstitunun rəhbərliyi, ÜST-ün nümayəndəsi xəstəliklərlə mübarizə sahəsində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat veriblər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndəsi və digər iclas iştirakçıları Azərbaycanın ilk dəfə donor qismində çıxış edərək Qlobal Fonda maliyyə dəstəy göstərməsinin yüksək qiymətləndirildiyini vurğulayıblar.

İclasın sonunda ÖƏK üzvləri toplantının yüksək səviyyədə təşkilinə və vacib mövzular ətrafında maraqlı müzakirələr aparıldığına görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası milli məşvərətçi orqan statusuna malikdir, hüquqi və fiziki şəxslərin bir çox sahələr üzrə könüllülük prinsipi əsasında qurulmuş əməkdaşlığını təmsil edir. ÖƏK fəaliyyəti zamanı Azərbaycan Respublikasının qanunvericilik sistemini, Qlobal Fondun Əsasnamə və tövsiyələrini rəhbər tutur. ÖƏK-in Əsasnaməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Komissiyanın məqsədi Azərbaycanda İİV/QİÇS, Vərəm və Malyariyanın yayılmasına qarşı mübarizənin gücləndirilməsinə, eyni zamanda Vaksin və İmmunlaşdırma üzrə QAVİ Alyansın dəstəyi ilə həyata keçirilən layihələrin koordinasiyası, monitorinqi, nəzarəti və lazımi digər müvafiq qərarların qəbul olunmasına yardım etməkdir. ÖƏK heyətinə dövlət və qeyri-hökumət sektorlarının nümayəndələri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR