Azərbaycanda Tvinninq layihəsi gələn ilin aprelinə qədər davam edəcək

Azərbaycanda Tvinninq  layihəsi gələn ilin aprelinə qədər davam edəcək
# 06 dekabr 2019 12:32 (UTC +04:00)

Avropa Komissiya tərəfindən maliyyələşdirilən Azərbaycanda Ali təhsil sisteminin gücləndirilməsi - Tvinninq layihəsi ilə bağlı brifinq keçirilib.

APA-nın məlumatına görə, Avropa İttifaqının əməkdaşlıq bölməsinin rəhbəri, müşavir elçi Simona Qatti layihə barədə məlumat verərək bildirib ki, bu layihə Fransa, Latviya və Litva ilə birgə yaratdıqları konsensium tərəfindın həyata keçirilir. Onun sözlərinə görə, təkcə Avropa İttifaqı ölkələrində deyil, ittifaqın əməkdaşlıq etdiyi ölkələrdə, eləcə də Azərbaycanda təhsilin keyfiyyəti çox vacib əhəmiyyət kəsb edir.

Tvinninq layihəsinin rezident tvinninq müşaviri Yelizaveta Bdanova bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsi, keyfiyyətinin yüksəldilməsinə dəstək göstərmək və Azərbaycan ali təhsil sisteminin Avropa ali təhsil məkanına daha da yaxınlaşdırılmasına nail olmaqdır:

"Layihə çərçivəsində işlər 4 komponentə uyğun olaraq həyata keçirilir. Birinci komponent, Azərbaycanda ali təhsildə mövcud olan ali təhsil proqramlarının Avropa təhsil standartlarına uyğun olaraq səriştə əsaslı və tələbəyönümlü yanaşma əsasında yenidən yazılmasından ibarətdir. İkinci komponent isə Azərbaycanda ali təhsil sistemində tələbəyönümlü yanaşmanın tətbiqi ilə bağlıdır. Üçüncü komponent Azərbaycan ali təhsil sistemində keyfiyyət təminat sisteminin gücləndirilməsi, proqram akkreditasiya sahəsində Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin potensialının yüksəldilməsi, inkişaf etdirilməsi, dördüncü komponent isə Azərbaycanda ali təhsil sahəsində mövcud qanunvericiliyin Avropa qanunvericiliyinə uyğunlaşdırılmasından ibarətdir".

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin ali orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərov isə qeyd edib ki, Azərbaycan Respublikasında ali təhsil sisteminin gücləndirilməsinə dəstək layihəsi 2018-ci ildən etibarən icra olunur və 2020-ci ilin aprel ayına qədər davam edəcək:

"Layihənin əsas məqsədi kompetensiya əsaslı təhsil proqramlarının hazırlanması, eyni zamanda tələbə yönümlü təhsili, tədrisi tətbiq etməkdən ibarətdir. Bu layihənin icra olunduğu müddətdə Avropa İttifaqından Fransa, Litva və Latviyadan ekspertlərin səfərləri baş tutub. Onlar bu sahədə öz ölkələrinin təcrübəsini bizim universitetlərlə bölüşüblər. Hazırda seçilən 15 ixtisas üzrə təhsil proqramlarının hazırlanması istiqamətində iş yekunlaşmaq üzrədir. Bu, layihənin əsas hədəflərindən biridir. Gələcəkdə hazırlanan nümunələr, 15 ixtisas üzrə təhsil proqramları digər ixtisaslar üçün də bir nümunə kimi istifadə olunacaq. 3 prioritet sahə seçilib. Burada pedaqoji sahə, yəni təhsil sahəsi, texniki və ya mühəndislik sahəsi, üçüncü isə təbiət sahəsidir. Hər 3 sahə üzrə 5 ixtisas müəyyən olunub. Layihənin əsas hədəfi səriştə əsaslı ixtisasların hazırlanmasıdır. Bu məqsəd eyni zamanda Azərbaycan təhsilinin inkişafı üzrə dövlət strategiyasında da əsas hədəf olaraq nəzərdə tutulub. Bu Tvinninq layihəsi və bizim strategiya eyni hədəfi müəyyən edib. Bu istiqamətdə də işlər aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR