Azərbaycanda daha bir məktəb enerjiyə tələbatını özü ödəyir - VİDEO

Azərbaycanda daha bir məktəb enerjiyə tələbatını özü ödəyir - VİDEO
# 08 iyul 2020 11:48 (UTC +04:00)

Qaradağ rayonunda yerləşən 166 nömrəli orta məktəb digər təhsil müəssisələrindən öz unikallığı ilə fərqlənir. Belə ki, məktəb elektrik enerjisi tələbatının böyük bir hissəsini günəş panelləri hesabına ödəyir.

APA TV-nin məlumatına görə, son zamanlar “Azalternativenerji” MMC tərəfindən sözügedən məktəb də daxil olmaqla paytaxtın bir sıra təhsil müəssisələrində, xəstəxanalarında və digər sosial obyektlərində günəş panelləri quraşdırılıb. Bununla da sözügedən obyektlər elektrik enerji tələbatlarının böyük bir hissəsini öz hesabına ödəyir.

Sistemin işləmə mexanizmi olduqca sadədir. Panellər vasitəsilə günəşdən alınan təbii enerji məktəbin daxilində quraşdırılmış batareyalara ötürülür. Burada xüsusi inventorlar həmin enerjini gündəlik istifadə etdiyimiz adi elektrik enerjisinə çevirir və şəbəkəyə ötürür.

Milli Qəhrəman Faiq Rəfiyev adına 166 nömrəli məktəb-lisey kompleksinin direktoru Şəmsi Qocayev deyir ki, hazırda məktəbin elektrik enerjisi tələbatı tamamilə günəş panelləri hesabına ödənilir. Qış aylarında isə tələbatın ancaq 1/3 hissəsi günəş enerjisi ilə təmin olunur: “Bu panellər qış aylarında məktəbin elektrik enerjisinə olan tələbatının 30%-ni, yayda isə 100%-ni təmin edir. Bundan başqa, məktəbin digər korpusu da bu enerjidən istifadə edir. Təbii ki, Alternativ Enerji Agentliyi ilə “Azərişıq” ASC arasında müqaviləyə əsasən onlar öz hesabatlarını aparırlar. Həmin enerji “Azərişıq” ASC-yə satılır. “Azərişıq” ASC də bizi elektrik enerjisi ilə təmin edir”.

Məktəbin bütün mərtəbələrində quraşdırılan və günəş panelləri hesabına işləyən kondisionerlər qışda sinif otaqlarını qızdırır. Yayda isə bu qurğulardan otaqların soyudulmasında istifadə olunur: “Panellərin əhəmiyyəti xüsusən qış aylarında hiss olunur. Məktəbin 3-cü mərtəbəsində kondisionerlər işləyir. Məktəbin binası şimal tərəfdə yerləşdiyinə görə, 3 mərtəbə çox soyuq olur. Amma kondisionerlər işləyəndə kifayət qədər istilik verir və 3-cü mərtəbə tam qızır”. “Azalternativenerji” MMC-nin Enerji satışı və uçotu şöbəsinin müdiri Mikayıl Rəsulovun sözlərinə görə, bu qəbildən olan sosial obyektlərdə alternativ enerji qurğularının, əsasən də günəş panellərinin quraşdırılması praktikası özünü tam olaraq doğrultmaqdadır. M. Rəsulov bildirib ki, gələcəkdə də bu iş davam etdiriləcək: “Lökbatan qəsəbəsində yerləşən 166 nömrəli məktəb ərazinin ən böyük məktəblərindən biridir. Həmin ərazidə, məktəbin dam hissəsində 32 kilovatlıq günəş panelləri quraşdırılıb. Əlavə olaraq isə 60 kv-lıq istilik nasosları quraşdırılıb. Bu məntəqənin fəaliyyət dövründə bu məktəbdə 157 min kv/saat elektrik enerjisi həm məktəbin sərfiyyatına, həm də istifadə olunmadığı halda şəbəkəyə ötürülmüşdür. Eyni zamanda 60 kv-lıq istilik nasosları vasitəsilə 356 geqa-kalori həcmində məktəbin istilik təchizatı tam şəkildə təmin olunmuşdur”.

Qeyd edək ki, Qaradağda yerləşən 166 nömrəli məktəb-lisey kompleksi ilə yanaşı rayonun Müşfiqabad qəsəbəsindəki 320 nömrəli məktəbin dam hissəsində də günəş panelləri quraşdırılıb. Bununla yanaşı, Pirallahı rayonunun 235, Sabunçu rayonunun 90 nömrəli məktəblərində də sözügedən sistem quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR