Azərbaycanda dezinfeksiya tunellərinin istehsalına başlanılıb - FOTOSESSİYA

Azərbaycanda dezinfeksiya tunellərinin istehsalına başlanılıb - FOTOSESSİYA
# 17 iyun 2020 15:06 (UTC +04:00)

Azərbaycanda “PG-DEZOX” dezinfeksiyaedici tunelinin istehsalına başlanılıb.

APA-nın məlumatına görə, “PACİFİC” şirkətlər qrupu koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə “PG-DEZOX” dezinfeksiyaedici tunelinin istehsalına start verib.

“PACİFİC GROUP” nəzdində olan “Metal Grid” şirkəti plazma, lazer-kəsim, əymə-bükmə, qaynaq və rənglənmə avadanlıqlarında dezinfeksiyaedici tunellərin istehsalını aparır.

“PACİFİC GROUP”-un İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi Günel Fərəcova APA-ya açıqlamasında bildirib ki, dezinfeksiyaedici tunel dünyada geniş yayılmış, daim mutasiya edərək dəyişən virus, bakteriya kimi mikroorqanizmlərin azalmasına kömək edir: “Aparatın üzərində yerləşən həssas qəbuledicilər sayəsində tuneldən keçən olanda hərəkət sensoru vasitəsilə sistem avtomatik işə düşür, nəticədə dezinfeksiyaedici məhlul püskürdücü nozullara ötürülür. Bununla da yüksək təzyiq nəticəsində maye buxar halına keçməklə insanların üzərini islatmadan onları dezinfeksiya edir. Dezinfeksiyaedici tunel insan sağlamlığı üçün heç bir ziyanı olmayan, müxtəlif bakteriyaların məhv edən, tərkibində heç bir kimyəvi qatqısı olmayan mayedən istifadə edilməklə dezinfeksiya prosesinin aparılmasını nəzərdə tutur”.

G. Fərəcova bildirib ki, dezinfeksiyaedici tunel sifarişçilərin tələb və istəklərinə uyğun olaraq müxtəlif ölçülərdə istehsal oluna bilər: “O cümlədən maye deposu yəni, çənin ölçüsü də sifarişçilərin istəklərinə uyğun olaraq müxtəlif ölçülərdə - 20 litrdən, 250 litrə qədər quraşdırıla bilir. “PG-DEZOX” dezinfeksiyaedici tunelinin bir sıra üstün cəhətləri var. Quraşdırılması və istifadəsi çox asandır. Quraşdırıldıqdan sonra asanlıqla yerini dəyişmək mümkündür. Dezinfeksiyaedici tunel giriş istiqamətində 8 ədəd sağa, 8 ədəd sola olmaqla 16 ədəd püskürdücü nozulla təchiz olunub. Bu nozullar da insanların 1-2 saniyə ərzində dezinfeksiya olunmasını təmin edir. Yüksək təzyiqli dumanlama üsulu, hərəkət sensoru və bu kimi mühüm üstün cəhətlərə malikdir. Ümumiyyətlə, sifarişçilərin istək və tələblərinə uyğun olaraq dezinfeksiyaedici tunellərin bir sıra modelləri təklif oluna bilər. Tunellər ən sadə və ən üst modeldə hazırlanır. Bu modellər bir-birindən püskürdücü nozulların sayına, sensor monitor, temperatur ölçən xüsusiyyətinə, maye deposunun ölçüsünə, çanta üçün əlavə dezinfeksiyaedici keçidin olmasına görə fərqlənir”.

Şirkətin əməkdaşı qeyd edib ki, tuneldən yalnız pandemiya dövründə deyil, gələcəkdə yarana biləcək başqa yoluxucu xəstəliklərin qarşısının alınmasında, digər virus və bakteriyalardan qorunmaqda da istifadə oluna bilər: ““PG-DEZOX” dezinfeksiyaedici tunelinin üstün cəhətlərindən biri onun yüksək təzyiq dağılmasını təmin edən sistemə malik olmasıdır. Dezinfeksiya prosesinin ən yüksək səviyyədə həyata keçirilməsi üçün molekullar maksimum əraziyə yayılmalıdır. “PG-DEZOX” dezinfeksiyaedici tuneli də bunu təmin edir”.

Cihazdan dövlət və özəl müəssisələrin girişlərində, həmçinin metro stansiyaları, tibb məntəqələri, hərbi hissələr, həbsxanalar, sərhəd və gömrük keçid məntəqələri, uşaq bağçaları, avtovağzallar, hava limanları, konsert sahələri, hotellər, insanların sıx olduğu müxtəlif küçələrdə belə istifadə etmək mümkündür.

Günel Fərəcova deyib ki, dezinfeksiyaedici tunelin modellərindən biri də “çantalı modeldir”: “Bu modeldə çantanın dezinfeksiya edilməsi üçün əlavə keçid quraşdırılıb. O cümlədən bir metr yarım məsafədən insanların istiliyini ölçmək üçün cihaz yerləşdirilib”.

“PG-DEZOX”ın əsas üstünlüklərindən biri yüksək təzyiq dağılmasını təmin edən sistemə malik olmasıdır. Çünki dezinfeksiya prosesinin ən yüksək səviyyədə aparılması və dezinfeksiyaedici vasitənin bütün nöqtələrə çatması üçün molekullar maksimum əraziyə yayılmalıdır. Sprey burunlarından yüksək təzyiqlə çıxan maye ətraf mühitə aşağı və normal təzyiq sistemindən daha kiçik molekullarda verilir. Molekulların ətraf mühitə minimuma endirilmiş səviyyədə yayılması səthlə daha çox əlaqə qurmağa imkan verir, eyni zamanda dezinfeksiyaedici molekullar səthə maksimim giriş təmin edir.

Şirkətdən o da bildirilib ki, dezinfeksiya tunelinin istehsalında istifadə olunan materialların və detalların keyfiyyətinə tam zəmanət verilir.

Qeyd edək ki, dezinfeksiya tunellərindən müxtəlif ölkələrdə istifadə olunur. Son olaraq Rusiya Prezidenti Vladimir Putinin “Novo-Oqarevo”dakı iqamətgahında koronavirusdan qorunmaq məqsədilə dezinfeksiya tuneli quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR