Azərbaycanda dövlət uşaq müəssisələrində yaşayan valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

Azərbaycanda dövlət uşaq müəssisələrində yaşayan valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb
# 23 sentyabr 2020 11:51 (UTC +04:00)

"Azərbaycanda hazırda müəssisələrdə 1500-ə yaxın valideyn himayəsindən məhrum uşaq".

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki canlı yayımda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. Onun sözlərinə görə, 0-3 yaş arası uşaqlar Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evindədir:

“3 yaşdan yuxarı uşaqlar isə Təhsil Nazirliyi və icra hakimiyyətlərinin tabeliyində olan uşaq evləri və ya internat evlərindədir. Bu cür uşaqlar eyni zamanda dövlət statusu almayan QHT sığınacaqlarında da var. Amma burada incə bir məqam var, hər valideyn himayəsindən məhrum olan uşaq övladlığa götürülə bilməz. Yəni bu gün valideyn himayəsindən məhrum olan 1500 uşaq varsa, bu, o demək deyil ki, övladlığa verilməli 1500 uşaq var. Ailə Məcəlləsinə görə, övladlığa veriləcək uşaqlarla bağlı bir sıra qaydalar var ki, bunlardan da başlıcası valideynlərin razılığıdır. Nəzərə alsaq ki, valideyn himayəsindən məhrum olan uşaqların bir çoxunun valideyni var, onlar uşaqlarını bir neçə müddətlik müəssisəyə yerləşdiriblər, uşaqlarından imtina etməyiblər. Elə uşaqlar var ki, müəssisədədir, ancaq illərlə onu heç kim ziyarət etmir. Biz həmin uşağın valideynlərini tapırıq, onun ailəyə inteqrasiya olunması üçün danışıqlar aparırıq. Əgər valideynlər öz məsuliyyətindən imtina edirlərsə, biz onların notarial qaydada təsdiqlənmiş razılığı əsasında uşaqlarının övladlığa verilməsi ilə bağlı iş görmüş oluruq. Hər iki valideyni vəfat etmiş, yaxın qohumu tərəfindən qəyyumluğa götürülməyən uşaqlar barədə məlumat da övladlığa götürülmə ilə bağlı sistemə yerləşdirilir. Eyni zamanda, bəzən hər iki valideyn uşaqlarına qarşı etinasızlıq, zorakılıq səbəbindən valideynlik hüququndan məhrum olunurlarsa, onlar da övladlığa verilə bilər. Qanunda bildirilir ki, həmin valideynlər valideynlik hüququndan məhrum ediləndən bir il sonra və valideynlərin davranışında dəyişik olmadığı səbəbindən bu uşaqlar da övladlığa verilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR