Azərbaycanda mülki aviasiyaya gözlənilən təhdidlər açıqlanıb

Azərbaycanda mülki aviasiyaya gözlənilən təhdidlər açıqlanıb
  • Clock-gray 18:21
  • calendar-gray 17 Fevral 2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və fevralın 13-də qüvvəyə minən “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası” təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması, habelə bu sahədə mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə səmərəli və iqtisadi cəhətdən qəbul edilən təhlükəsizlik sisteminin qurulmasının əsasını təşkil edir.

APA-nın məlumatına görə, sənəddə bildirilir ki, təhdidlərin müəyyən edilməsi və qiymətləndirilməsi üçün istifadə olunan metodların tətbiqi zamanı mülki aviasiyaya qarşı təhdidlər və onların həyata keçirilməsi barədə geniş məlumatların toplanması ən əsas və zəruri şərtdir. Mülki aviasiyanın fəaliyyətinə aid xüsusi və statistik məlumatların və faktların əsasında təhdidlərin xarakteri və onların ehtimal olunan həyata keçirilmə metodları müəyyən edilir.

Məlumatların toplanması zamanı mülki aviasiyanın fəaliyyətinə qarşı edilmiş hər hansı cinayət faktı (məsələn, hava gəmilərinin partladılması, yerdə hava gəmilərinə qarşı diversiyalar, hava limanının obyektlərinə silahlı basqınlar və s.) nəzərə alınmalıdır.  Məlumatların təhlili zamanı ölkədəki sosial-iqtisadi və ictimai vəziyyət nəzərə alınmalıdır (məsələn, siyasi təlatümlər, iqtisadi böhran və bunların nəticəsində aviasiya təhlükəsizliyinin təmininə ayrılan məsrəflərin azalması və s.).

Təhdidlərin qiymətləndirilməsinə təsir edən məlumatların seçilməsi meyarları aşağıdakılardır:

-  beynəlxalq terrorizm və dini ekstremizm;

- qonşu dövlətlərlə ərazi problemləri (delimitasiya və demarkasiya problemləri);

- digər dövlətlərin iqtisadi, siyasi və hərbi maraqlarının genişləndirməsi istəkləri;

- ölkədə nəzarət edilməyən daşınan zenit raket komplekslərinin mövcudluğu;

- iki istiqamətdə cərəyan edən daxili vəziyyətin gərginləşməsi: iqtidar-müxalifət, iqtidar-əhali;

- səmərəli milli və regional təhlükəsizlik sistemi.

Yüksək riskli aviaşirkətlər və aviareyslər barədə toplanan məlumatlar mülki aviasiyanın fəaliyyətinə aid olan təhdidlərin aşkar edilməsi və qiymətləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının mülki aviasiyası üçün ən çox ehtimal olunan təhdidlər aşağıdakılar hesab edilə bilər:

- hava gəmilərinin cinayətkarlar və mülki aviasiya üçün potensial təhlükəli şəxslər tərəfindən ələ keçirilməsi;

- beynəlxalq terror təşkilatlarına mənsub olan şəxslər tərəfindən Azərbaycan Respublikasının hava limanlarında və yaxud hava məkanında hava gəmilərinin ələ keçirilməsi;

- terror fəaliyyəti ilə seçilən və beynəlxalq erməni terror təşkilatlarının fəaliyyət göstərdiyi dövlətlərdə Azərbaycan Respublikasına məxsus hava gəmilərinin ələ keçirilməsi və ya onlara qarşı diversiya aktları;

- kiçik və biznes aviasiyası da daxil olmaqla, aviaşirkətlər hava gəmilərindən istifadə etməklə yerüstü obyektlərə hücum edilməsi;

- hava limanlarının obyektlərində və ya hava gəmilərində xidməti personal tərəfindən edilən diversiya aktları;

- hava limanlarında və hava limanından kənarda yerləşən aeronaviqasiya obyektlərində aviasiya avadanlığının və rabitə xətlərinin oğurlanması və ya sıradan çıxarılması;

- havada və yaxud yerdə olan hava gəmisinin təhlükəsizliyinə, habelə sərnişinlərin, ekipaj üzvlərinin, yerüstü xidmət personalının və əhalinin təhlükəsizliyinə təhdid törədən yalan məlumatların bilə-bilə ötürülməsi;

- hava limanının mühüm əhəmiyyətli məlumat və rabitə sistemlərinə kiberhücumlar;

- hava limanının nəzarət edilməyən zonalarında terror və diversiya aktları;

- mülki pilotsuz uçan aparatlarından (dronlardan) istifadə etməklə hava limanının normal fəaliyyətinin və ya hava gəmilərinin uçuşlarının müntəzəmliyinin pozulması;

- lazer şüalı vasitələrdən istifadə etməklə (qalxma və ya enmə zamanı lazer şüasını pilotların gözlərinə yönəldilməsi) hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin pozulması.

Təhdidlərin müəyyən edilməsi və onların reallaşması imkanlarının hesablanması hər bir mühüm əhəmiyyətli obyektin təhlükəsizlik sisteminin yaradılmasının əsasını təşkil edir.

Təhdidlərin konkret hava limanlarına və ya onların obyektlərinə, məsələn yanacaqdoldurma komplekslərinə, hava hərəkətinin idarə edilməsi və ya naviqasiya obyektlərinə, həmçinin, ümumi təyinatlı aviasiyaya, sərnişin hava gəmilərinə və yük hava gəmilərinə qarşı yönəldiyini nəzərə alaraq, təhdidlərin reallaşdırılmasının mümkün vasitə və metodları qiymətləndirilməlidir.

Aviasiya obyektlərinə qarşı yönəlmiş təhdidlərin modelləri və onların reallaşmasının ehtimal olunan ssenariləri diqqətlə öyrənilməli, hər bir təhlükə növünə xüsusi yanaşılmalı və dərindən təhlil edilməlidir.

Günay Elşadqızı

Digər xəbərlər