Azərbaycanda qızların erkən nikaha girməsi ən çox 2011-ci ildə qeydə alınıb

Azərbaycanda qızların erkən nikaha girməsi ən çox 2011-ci ildə qeydə alınıb
# 09 fevral 2021 18:30 (UTC +04:00)

“Erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur”.

APA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkədə 18 yaşadək nikaha girən qızların sayının ən yüksək həddi 2011-ci ildə olub:

“Həmin dövrdə belə qızların sayı 5138 idisə, qanunvericillikdə qızlar üçün minimal nikah yaşının 17-dən 18-ə qaldırılması, habelə qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi və maariflənmə işlərinin nəticəsində 2012-ci ildən bu göstəricinin azalması müşahidə olunur. Belə ki, 2019-cu ildə nikahları qeydə alınmış 18 yaşadək gəlinlərin sayı azalaraq 366, bəylərin sayı isə 1 nəfər olub. Eyni zamanda, 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4392, 2019-cu ildə isə bu rəqəm azalaraq 2320 təşkil edib”, - deyə məlumatda qeyd olunub.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib.

Qaydadan irəli gələn vəzifələrin icrası istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına Qərar barədə məlumat verilib, onların məskunlaşdığı dövlətlərdə pandemiya ilə əlaqədar tətbiq edilən karantin qaydalarına riayət etmək şərti ilə lazımi tədbirlərin görülməsinin təmin edilməsi üçün təlimat göndərilib. Videoformatda təşkil edilən görüşlər, habelə vətəndaşlarımız tərəfindən nümayəndəliklərə edilən müxtəlif növ müraciətlər zamanı erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları barədə məlumatlandırma işləri aparılıb. Həmçinin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlar nümayəndəliklərin konsulluq bölmələrinin qəbul otaqlarında yerləşdirilib və konsulun qəbuluna gələn şəxslərin bu məlumatlarla tanışlığı təmin olunub. Nümayəndəliklər tərəfindən daxil olan məlumatlara əsasən erkən yaşda olan şəxslərin nikahın bağlanmasına dair müraciətləri qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR