Azərbaycanda və dünyada vərəmlə bağlı cari vəziyyət müzakirə edilib

Azərbaycanda və dünyada vərəmlə bağlı cari vəziyyət müzakirə edilib
# 19 mart 2021 11:44 (UTC +04:00)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası, Vərəm əleyhinə QHT Koalisiyası, “Sağlamlığa Xidmət” İctimai Birliyi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun birgə təşkil etdiyi Ümumdünya Vərəmlə Mübarizə gününə həsr olunmuş konfrans keçirilib.

APA xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov məlumat verib.

Bildirilib ki, hər il dünyada 10 milyondan artıq insan vərəmlə xəstələnir və 1.6 milyon insan vərəmdən dünyasını dəyişir. Hər iki dəqiqədə bir uşaq dünyada vərəm səbəbiylə həyatını itirir.

Deputat qeyd edib ki, tədbirin məqsədi ölkəmizdə və dünyada hazırda vərəmlə bağlı cari vəziyyəti müzakirə etmək və bu problemə diqqət çəkmək idi.

Konfransda iştirak edən səhiyyə nazirinin müavini Rahim Əliyev, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Heydər Əliyev Fondunun nümayəndəsi və millət vəkili Soltan Məmmədov, millət vəkilləri Sədaqət Vəliyeva, Müşfiq Məmmədli, İlham Məmmədov, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi rəisi tibb xidməti generalı Rəfail Mehdiyev, Respublikanın Baş Ftiziatoru Yavər Şıxəliyev çıxış ediblər.

Konfransa həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun Proqram rəhbəri Asker Yedilbayev və Stop TB Tərəfdaşlığının icraçı direktoru Lucica Ditiu onlayn şəkildə qatılıb çıxış ediblər.

Daha sonra ölkəmizdə və dünyada vərəmlə bağlı cari vəziyyət, penitensiar müəssisələrdə həyata keçirilən vərəmə nəzarət tədbirləri və eləcə də, vərəmlə mübarizədə vətəndaş cəmiyyəti təşkilatlarının vacib rolu haqqında aidiyyatı qurumlar təqdimatla çıxış ediblər. Pandemiya dövründə vərəmlə mübarizənin bir qədər çətinləşdiyi qeyd olunub.

Konfrans zamanı BMT-in Baş Assambleyasının vərəmlə bağlı 2018-ci ildə qəbul olunmuş siyasi bəyannaməsində müəyyən olunmuş hədəflərə çatmaq üçün vərəmlə mübarizənin sürətləndirilməsi üçün hansı addımların atıla biləcəyi və vətəndaş cəmiyyəti təşkilatlarının bu prosesə aktiv cəlb olunması barədə məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR