Azərbaycanda yaşı 18-dən az olanların əmək fəaliyyətinə dair qadağalardan biri ləğv edilir

Azərbaycanda yaşı 18-dən az olanların əmək fəaliyyətinə dair qadağalardan biri ləğv edilir
# 07 sentyabr 2020 18:43 (UTC +04:00)

İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi, yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsinin qadağan edilməsi barədə müddəa Əmək Məcəlləsindən çıxarılır.

APA-nın məlumatına görə, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qanun layihəsi bu gün Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev APA-ya açıqlamasında deyib ki, “Təhsil haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, hazırda 9 və 11-ci siniflər olmaqla, iki buraxılış sinifləri var: “Bu buraxılış siniflərini bitirənlər 6 aylıq peşə təhsili alaraq əmək fəaliyyəti ilə məşğul ola bilər. Eyni zamanda artıq qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, orta məktəbdə də peşə təhsilinin verilməsi imkanı var. Tutaq ki, əgər mən 9-cu sinifdən peşə təhsilinə gedirəmsə, peşə fəaliyyəti göstərmək istəyirəmsə, deməli, mənin o hüquqlarım da qorunmalıdır. Bu baxımdan qanunda qadağanedici hallar aradan qaldırılmalıdır. Digər tərəfdən, ola bilər ki, biri 5 yaşında məktəbə gedir, yaxud müsabiqə əsasında imtahan verərək sinifdən sinfə daha tez keçməklə orta məktəbi tez, 15, 14 yaşında bitirir. Ola bilər ki, peşə məktəbində də 6-9 ay təhsil alsın. Ona deyilməlidir ki, 18 yaşın tamam olmayıb, işləyə bilməzsən?! Vətəndaşı bu hüquqlarından da məhrum etmək olmaz. Buna görə də Əmək Məcəlləsinə müvafiq dəyişiklik edilir. Bir məqamı da qeyd etmək istəyirəm. Təhsillə əlaqədar mövcud qanunvericiliyə əsasən, 9-cu sinifdən peşə məktəbinə gedən və ümumi təhsil almaq istəyənlərə də tam ümumi təhsil almaq imkanı yaradılır. Hər iki məsələyə çevik münasibət var. Bu, ilk növbədə insanların hüquqlarının müdafiəsinə yönəlib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR