Azərbaycanın coğrafi obyektlərinin adlarının rus əlifbasına transliterasiyası qaydası müəyyənləşib

Azərbaycanın coğrafi obyektlərinin adlarının rus əlifbasına transliterasiyası qaydası müəyyənləşib
# 18 dekabr 2020 18:29 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından rus əlifbasına transliterasiyası Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar beynəlxalq istifadə üçün nəzərdə tutulan kartoqrafik və digər çap məhsullarının nəşri zamanı Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan dilindəki yazılış formasının rus əlifbasına transliterasiyasının üsul və yollarını müəyyənləşdirir.

Bu Qaydalar, eyni zamanda Azərbaycan Respublikasının hüdudlarından kənarda mövcud olan Azərbaycan mənşəli coğrafi obyektlərin adlarının rus dilinə transliterasiyasında da tətbiq edilə bilər. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rının rus əlifbasına transliterasiyası Milli transliterasiya standartlarına və Azərbaycan dilinin orfoqrafiya normalarına uyğun olaraq aparılır. Dövlət orqanları (qurumları), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər bu Qaydaların tələblərinə əməl etməlidirlər. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla- rının rus dilinə transliterasiyası onların Azərbaycan dilində rəsmi mənbələrdə (coğrafi obyektlərin adlarının dövlət kataloqunda, o cümlədən coğrafi obyektlərin adları lüğətlərində və soraq kitablarında və s.) təsbit olunmuş düzgün yazılış forması əsasında aparılır. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adları ilə bağlı Azərbaycan dilində rəsmi material olmadığı təqdirdə, onların adları “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir, dəqiqləşdirilir və işlədilir.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adla rının rus dilinə transliterasiyası bu Qaydalar nəzərə alınmaqla, Azərbaycan dilindəki yazılışında hərfləri (işarələri) rus əlifbasında qarşılığı olan müvafiq hərflərə transliterasiya etməklə verilir. Bu zaman sözün yazılış forması onun tələffüzünün dəqiqliyi nəzərə alınaraq saxlanılır. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adları rus dili üçün ekzonim hesab edilir, yad dil xüsusiyyətləri daşıyır və alınma sözlər kimi bəzi hallarda rus dilinə transliterasiya ediləndə spesifik qaydalara uyğun olaraq işlənilir. Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının latın qrafikalı Azərbaycan əlifbasından kiril qrafikalı rus əlifbasına transliterasiyasında əsas məqsəd həmin onomastik vahidlərin rus dilində orijinala daha yaxın variantda verilməsidir.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adları latın qrafikalı Azərbaycan əlifbasından kiril qrafikalı rus əlifbasına transliterasiya edilərkən aşağıdakılar nəzərə alınmalıdır:

- Azərbaycan dilinin və rus dilinin fonetik xüsusiyyətləri, o cümlədən latın qrafikalı müasir Azərbaycan əlifbasında və kiril qrafikalı rus əlifbasında spesifik qrafemlərin mövcudluğu;

- bir sıra coğrafi obyektlərin adlarının transliterasiyasında ümumi qəbul edilmiş və sabitləşmiş ənənənin mövcud olması;

- sözlərin heca xüsusiyyətləri, hərflərin sözlərdə mövqeyi, morfemlərin düzülüşü və daxili strukturu, hərf birləşmələrinin spesifik cəhətləri.

Kiril qrafikalı rus əlifbasında latın qrafikalı Azərbaycan əlif- basında olan ö, ü, ə, h, ğ, c, g hərfləri olmadığından, bu hərflərin transliterasiyasında praktik transkripsiyaya üstünlük verilir.

Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının transliterasiyası zamanı Azərbaycan əlifbasındakı a, i, ı, o, u hərfləri rus əlifbasına а, и, ы, о, у hərfləri ilə transliterasiya olunur. Ancaq a, o hərfləri k və g hərflərindən sonra işləndikdə, я və ѐ hərfləri ilə transliterasiya edilir: Koroğlu - Кѐроглу, Kortala - Кѐртала, Korgöz - Кѐргѐз, Gəraybəyli - Гярайбейли və s.

Azərbaycan əlifbasındakı e hərfi rus dilinə coğrafi obyektlərin adlarının tərkibində iki cür transliterasiya olunur - sözün əvvəlində э hərfi kimi, sözün ortasında samit hərflərdən sonra e hərfi kimi. Məsələn: Eymur kəndi - село Эймур, Elabad kəndi – село Эльабад, Qarazeynallı kəndi - село Гаразейналлы, Reqloba kəndi - село Реглоба və s.

Azərbaycan əlifbasındakı ü hərfi coğrafi obyektlərin adlarının tərkibində rus əlifbasına iki cür transliterasiya olunur - sözün əvvəlində y hərfi kimi, samit hərflərdən sonra ю hərfi kimi. Məsələn: Şümrüd kəndi - село Шюмрюд, Üçtəpə kəndi - село Учтепе, Kürdlər kəndi - село Кюрдляр və s.

Azərbaycan əlifbasındakı ö hərfi coğrafi obyektlərin adlarının tərkibində rus əlifbasına iki cür transliterasiya olunur - sözün əvvəlində o hərfi kimi, sözün ortasında samit hərflərdən sonra gələrsə ѐ hərfi kimi. Məsələn: Öysüzlü kəndi - село Ойсюзлю, Dördyol kəndi - село Дѐрдъйол, Ceyrançöl qəsəbəsi - посѐлок Джейранчѐль, Kövər kəndi - село Кѐвяр, Görədil kəndi - село Гѐрадиль, Hökməli kəndi - село Хѐкмели və s.

Coğrafi obyektlərin adlarında Azərbaycan əlifbasındakı ə hərfinin rus əlifbasında qarşılığı aşağıda sadalanan işlənmə mövqeyindən asılı olaraq, 4 variantda - a, е, я, э kimi verilə bilər:

ə hərfi sözün əvvəlində və b, s, z, r, n, ş, q, ş, ç, c, j, f, x, h hərflərindən sonra gəldikdə, rus dilinə əksər hallarda a hərfi ilə transliterasiya olunur: Qəşəd - Гашад, Əhən - Ахан, Əlinəzərli - Алиназарли, Nərimanov - Нариманов və s.

ə hərfi sözün əvvəlində k, g, l samitlərindən sonra gəldikdə, я hərfi ilə transliterasiya olunur: Kəhrizli - Кяхризли, Kətük

- Кятюк, Gəgəli - Гягяли, Gəncə - Гянджа, Arpagədik - Арпагядик, Ləki - Ляки və s.

bəzi hallarda ə hərfi b, v, ğ, d, z, p, r, s, t samitlərindən sonra gəldikdə, е hərfi ilə transliterasiya olunur: Bəytəpə - Бейтепе, Kürəkçay - Кюрекчай, Zəngişalı - Зенгишалы, Dədəli - Дедели, Xasıdərə - Хасыдере və s.

nadir hallarda ə hərfi sözün əvvəlində gəldikdə, rus dilində э hərfi ilə transliterasiya edilir: Ətyeməzli - Этъемезли, Əyritala - Эйритала və s.

Coğrafi obyektlərin adlarında Azərbaycan əlifbasındakı b, v, d, j, z, k, m, n, p, s, t, f, x, ç, ş hərfləri rus əlifbasına müvafiq olaraq б, в, д, ж, з, к, м, н, п, р, с, т, ф, х, ч, ш hərfləri ilə transliterasiya olunur: Badamdar - Бадамдар, Xaçmaz - Хачмаз, Novxanı - Новханы, Sabirabad - Сабирабад və s.

Azərbaycan toponimlərində ğ hərfi ilə verilən sözlər rus əlifbasına əsasən г hərfi ilə transliterasiya olunur: Ağdağ - Агдаг, Ağdam - Агдам, Ağcabədi - Агджабеди, Ağdaş - Агдаш, Sığırlı - Сыгырлы və s. Ancaq bəzən mövqeyindən asılı olaraq və yaxud ənənəyə görə nadir hallarda ğ hərfi x hərfi ilə transliterasiya olunur: Ağsu - Ахсу, Qaradağ - Гарадах, Qarabağ - Карабах və s. Belə coğrafi obyektlərin adlarında Azərbaycan dilinə xas olan qapalı dilarxası sait olan a hərfindən sonra ğ samitinin novlaşması, yəni x kimi tələffüz olunması müşahidə edilir. Bu fonetik xüsusiyyətdir və transliterasiyada nəzərə alınır.

Azərbaycan dilindəki coğrafi obyektlərin adlarında işlənən qoşa samitləri ifadə edən hərflər rus əlifbasına qoşa samit hərflərlə transliterasiya olunur: Yeddixırman - Еддихырман, Mollalı - Моллалы və s.

Coğrafi obyektlərin adlarında h hərfi rus əlifbasına ənənəvi olaraq müasir dövrdə г, həm də х hərfi ilə transliterasiya olunur: Heydərli - Гейдарли, Hacallı - Гаджаллы, Həsənli - Гасанлы, Hökməli - Хѐкмели, Heyvalı - Хейвалы və s.

Coğrafi obyektlərin adlarında q hərfi rus əlifbasına əsasən г hərfi ilə transliterasiya edilir: Sarıyataq - Сарыятаг, Qamıştala - Гамыштала və s. Ancaq bəzən ənənəyə görə к hərfi ilə də transliterasiya olunur: Qarabağ - Карабах, Qafqaz - Кавказ və s.

Coğrafi obyektlərin adlarında c hərfi rus əlifbasına дж hərf birləşməsi şəklində transliterasiya olunur: Acıdərə - Аджыдере, Ceyrandüzü - Джейрандюзю və s.

Coğrafi obyektlərin adlarında g hərfi г hərfi ilə transliterasiya olunur: Gəgəran - Гягяран və s.

Azərbaycan dilindəki coğrafi obyektlərin adlarında l samiti hecanın əvvəlində və hecanın sonunda arxa sıra a, o, u saitlərindən sonra rus dilində dəyişikliyə uğramır, lakin hecanın sonunda e, ə, ö, ü ön sıra saitlərindən sonra rus dilinə transliterasiyada ль (yəni мягкий знак – yumşaldılma işarəsi) əlavə olunur və incələşmə baş verir. Bu xüsusiyyət rus dilində işlənilən alınma sözlərə xasdır. Məsələn: Xırdalan - Хырдалан, Görədil kəndi - село Гѐрадиль, Ceyrançöl qəsəbəsi - посѐлок Джейранчѐль və s.

Azərbaycan dilindəki coğrafi obyektlərin adlarında ya, yə hərf birləşmələri rus dilinə transliterasiya olunanda, sözün əvvəlində я kimi, morfem daxilində ья kimi, iki kökün qovuşuğunda, yəni mürəkkəb sözün komponentləri arasında ъя kimi verilir. Məsələn: Yardımlı - Ярдымлы, Aşağı Qaraməryəm kəndi - село Ашагы Гарамарьям, Dövlətyarlı kəndi - село Довлятъярлы, Xubyarlı kəndi - село Хубъярлы və s.

Azərbaycan dilindəki coğrafi obyektlərin adlarında ye hərf birləşməsi də rus dilinə transliterasiya olunanda sözün əvvəlində е kimi, morfem daxilində ье kimi, iki kökün qovuşuğunda, yəni mürəkkəb sözün komponentləri arasında ъе kimi verilir. Məsələn: Yevlax - Евлах, Ətyeməzli kəndi - село Этъемезли, Yerliağalı kəndi - село Ерлиагалы və s.

Azərbaycan dilindəki coğrafi obyektlərin adlarında yu (yü) hərf birləşməsi bir qayda olaraq rus əlifbasına ю hərfi ilə transliterasiya olunur: Yuxarı Ağalı - Юxары Агалы, Böyük Tala - Бѐюк Тала və s.

Azərbaycan mənşəli olmayan coğrafi obyektlərin adlarının tərkibində işlənən ts hərf birləşməsi rus əlifbasına ц samiti ilə transliterasiya olunur: Katsbinə - Кацбина və s.

Bəzi coğrafi adlar Azərbaycan dilindən rus dilinə transliterasiya olunarkən, ənənəyə uyğun olaraq, onların rus dilindəki ümumi qəbul edilmiş və sabitləşmiş ekvivalentləri əsas götürülür. Məsələn: Xəzər dənizi - Каспийское море, Kür çayı - река Кура, Kiçik Qafqaz - Малый Кавказ, Cənubi Qafqaz - Южный Кавказ, Şirvan düzü - Ширванская равнина, Həftəran düzü - Афтаранская равнина, Ağgöl gölü - озеро Аггѐль, Ceyrançöl düzənliyi - Джейранчѐльская равнина, Mərdəkan - Мардакан, Türkan - Туркан, Balakən - Балакан və s.

Azərbaycan Respublikasının bəzi coğrafi obyektlərinin adlarının transliterasiyası zamanı həm tarixi ənənəyə, həm də fonetik prinsipə üstünlük verilir. Məsələn: Abşeron adı transliterasiya zamanı Aбшерон kimi çevrilsə də, ənənəvi olaraq rus dilində Aпшерон kimi verilir. Eyni zamanda, burada tələffüz zamanı fonetik hadisə kimi b - p karlaşması baş vermişdir. b - p karlaşması nadir hallarda coğrafi adlarda fışıltılı samitdən əvvəl b səsi gələndə müşahidə edilir. Əksinə, əgər b cingiltili və ya sonor samitdən, saitdən əvvəl gələrsə, bu hallarda cingiltili b kimi tələffüz olunur. Məsələn: Abdal Gülablı - Абдал Гюлаблы, Lökbatan - Лѐкбатан və s.

Azərbaycan Respublikasına aid coğrafi obyektlərin adla- rında işlənən və obyektlərdə indikator rolunu oynayan nomenklatur coğrafi terminlərin rus dilinə transliterasiyasında vahid forma gözlənilməlidir: göl - гѐль, çeşmə - чешмя, bulaq - булаг, dərə - дере, düzü - дюзю, yataq - ятаг, qışlaq - гышлаг, təpə - тепе, qazma - газма, qaya - гая, dağ - даг, tala - тала, yol - йол və s.

Azərbaycan Respublikasına aid mürəkkəb quruluşlu inisial abreviatur tərkibli coğrafi adlar müvafiq olaraq rus dilinə həmin inisial abreviatur tərkibli coğrafi adlar vasitəsilə transliterasiya edilir və ixtisarların izahı verilir. Məsələn:

- q.i.ə.d. (qəsəbə inzibati-ərazi dairəsi) - п.а.т.о. (поселковый административно -территориальный округ);

- ş.t.q. (şəhər tipli qəsəbə) - п.г.т. (посёлок городского типа);

- ş.i.ə.d. (şəhər inzibati-ərazi dairəsi) - г.а.т.о. (городской административно-территориальный округ);

- k.i.ə.d. (kənd inzibati-ərazi dairəsi) - с.а.т.о. (сельский административно-территориальный округ);

- i.ə.d. (inzibati-ərazi dairəsi) - а.т.о. (административно- территориальный округ);

- x.k.i.ə.d. (xüsusi kənd inzibati-ərazi dairəsi) - с.с.а.т.о. (специальный сельский административно-территориальный округ).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR