"Azərişıq" əməkdaşları "Vətən uğrunda" medalına layiq görülüb

"Azərişıq" əməkdaşları "Vətən uğrunda" medalına layiq görülüb
# 16 dekabr 2020 13:49 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsində iştirak edən 3 061 hərbi qulluqçunun “Vətən uğrunda” medalı ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən təltif edilənlər arasında “Azərişıq” ASC-nin Vətən müharibəsində şəhid olan 5 əməkdaşının da adı yer alıb. Ali Baş Komandanımızın qiymətləndirdiyi “Azərişıq” ASC-nin şəhid əməkdaşları İbrahimov Atiq Ariz oğlu, Məmmədov Murad Yusif oğlu, Həbibi Şəhriyar Vidadi oğlu, Həsənli Elçin Vaqif oğlu və Hüseynli Əliheydar Səlahəddin oğludur.

Ölkə başçısının imzaladığı müvafiq sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Vətən uğrunda” medalı ilə təltif edilsinlər.

Ölkə başçısının bu Sərəncamı müzəffər Ali Baş Komandanımızın şəhidlərin ruhuna hörmət və ehtiramın parlaq ifadəsidir.

Çoxminlik “Azərişıq” ailəsi adından bu nəcib əməllərinə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkür edirik.

Qeyd edək ki, sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən müharibəsində “Azərişıq” ASC-nin 293 əməkdaşı iştirak edib. Onlardan 5-i şəhidlik zirvəsinə yüksəlib, 23-ü isə yaralanıb.

Səhmdar Cəmiyyət olaraq Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirik!

Yaşasın Azərbaycan, Yaşasın Müzəffər Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR