BMT: 57 ölkədə qadınların yarısı müstəqil qərar vermək hüququndan məhrumdur

BMT: 57 ölkədə qadınların yarısı müstəqil qərar vermək hüququndan məhrumdur
# 15 aprel 2021 13:08 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) cinsi və reproduktiv sağlamlıq üzrə aparıcı agentliyi olan BMT-nin Əhali Fondu (UNFPA) 2021-ci il üzrə “Dünya Əhalisinin Vəziyyətinə dair Qlobal Hesabatı”nı təqdim edib.

BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən xəbərə görə, UNFPA tərəfindən hər il qlobal miqyasda hazırlanan hesabatın builki sayında qadınların özlərinə münasibətdə müstəqil qərarvermə hüququnun olması mövzusu qabardılır.

“Bu gün dünyanın 57 inkişaf etməkdə olan ölkəsində qadınların demək olar ki, yarısı öz həyatını müstəqil şəkildə müəyyən etməklə bağlı qərar vermək hüququndan məhrumdur. Qadınların özlərinə münasibətdə müstəqil qərarvermə imkanının əllərindən alınması onların həyatı üçün ciddi zərərdən əlavə, ümumi iqtisadi fəallığı azalması, qadın və qızların peşəkar inkişafının məhdudlaşdırılması və səhiyyə və məhkəmə sistemləri ilə bağlı əlavə xərclərin ortaya çıxması ilə nəticələnir”, - deyə hesabatda vurğulanır.

Hesabatda məlumatları təqdim olunan ölkələrin yalnız 71%-də analığın mühafizəsi ilə bağlı xidmətlərə çıxış imkanının olduğu, 75%-də isə kontraseptiv vasitələrə tam və bərabər şəkildə əlçatanlılığın hüquqi baxımdan təmin olunduğu qeyd olunur. Bununla yanaşı, sənəddə 20-dək ölkədə zorladığı qız və ya qadınla evlənən kişinin bununla cinayət təqibindən yaxa qurtarmasına şərait yaradan qanunların olduğu, 30-dan artıq ölkədə qadının evdən kənarda hərəkət hüququnun məhdudlaşdırıldığı, əlilliyi olan qız və oğlanların cinsi zorakılığa üç dəfəyədək çox məruz qaldığı və s. faktlar əksini tapır.

“Bu gün dünyada yüz milyonlarla qadın və qızın özlərinə münasibətdə müstəqil qərarlar qəbul etmək imkanı əllərindən alınıb. Onların həyatları başqaları tərəfindən idarə olunur. Bu, qadın və qızların fundamental hüquqlarının pozulması ilə yanaşı, cəmiyyətdə cinsə görə ayrıseçkiliyi, bərabərsizliyi və zorakılığı gücləndirən neqativ hallara yol açır”, - deyə UNFPA-nin icraçı direktoru Natalia Kanem qeyd edir. Onun sözlərinə görə, qadınlara özlərinə münasibətdə müstəqil qərarvermə imkanının verilməsi onların səlahiyyətləndirilməsinə və həyatın bir çox sahələrində irəli çıxmalarına, səhiyyə və təhsilin qabaqcıl imkanlarından yararlanmalarına şərait yaratmış olur.

İngilis dilində təqdim olunan hesabatla elektron versiyada unfpa.org/SoWP-2021 keçidi vasitəsilə tanış olmaq mümkündür.

Dünya Əhalisinin Vəziyyətinə dair Qlobal Hesabat 1978-ci ildən bəri işıq üzü görür. Hesabatda cinsi və reproduktiv sağlamlıq və hüquqlar sahəsində mövcud problemlər araşdırılır və bu problemlərin beynəlxalq inkişaf üçün yaratdığı çətinliklər və çağırışlara diqqət çəkilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR